Xəbər lenti

İspaniyadakı miqrasiya böhranı Aİ-də fikir ayrılığına səbəb olub
Dünya 17:17 04.08.2026

İspaniyadakı miqrasiya böhranı Aİ-də fikir ayrılığına səbəb olub

İspaniyanın Şimali Afrikadakı Seuta anklavında baş verən miqrasiya böhranı Avropa İttifaqında sərhəd təhlükəsizliyi və miqrasiya siyasəti ilə bağlı yeni müzakirələrə səbəb olub. Bir sıra Aİ ölkələri Madridin yanaşmasını tənqid edərkən, İspaniyanın Baş naziri Pedro Sançes Avropada həmrəyliyin yetərli olmadığını bildirib.

Qaynarinfo xəbər verir ki, cümə axşamı və cümə günləri Mərakeşdən Seutaya 50–60 min arasında qeyri-qanuni miqrant keçib. Daha sonra İspaniya hakimiyyəti təxminən 69 min 500 nəfərin yenidən Mərakeşə qaytarıldığını açıqlayıb. Hadisələr zamanı İspaniya tərəfində 72, Mərakeş tərəfində isə 11 nəfərin həlak olduğu bildirilir.



Aİ-də miqrasiya siyasəti ətrafında fikir ayrılığı

Böhran Aİ ölkələri arasında miqrasiya siyasəti ilə bağlı fikir ayrılıqlarını daha da dərinləşdirib. İtaliyanın Baş naziri Ciorcia Meloninin təşəbbüsü ilə Aİ-nin 22 lideri birgə məktub yayaraq, İspaniyanın qeyri-qanuni miqrantlara münasibətdə tətbiq etdiyi siyasətin yeni miqrasiya axınını təşviq etdiyini iddia edib. Məktubda xüsusilə Madrid hökumətinin qeyri-qanuni miqrantlara amnistiya verməsi tənqid olunub.

Ciorcia Meloni İspaniya ilə Şengen məkanında sərbəst hərəkətin müvəqqəti dayandırılmasını təklif edib. Finlandiya və Danimarka bu mövqeyi dəstəkləyib. Çexiyanın Baş naziri Andrey Babiş isə İspaniyanın Şengen sistemində iştirakının müvəqqəti dayandırılmasını təklif edib.

Tənqidlərə cavab olaraq Pedro Sançes Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə məktub göndərərək bəzi Avropa hökumətlərinin mövqeyini sərt tənqid edib.

"Avropa İttifaqı bu cür eqoist, cəmiyyəti qütbləşdirən və hüquqa zidd reaksiyaları qəbul edə bilməz”, deyə Sançes bildirib.

O, bəzi hökumətləri qərəz, dezinformasiya, məlumatsızlıq və siyasi maraqlarla hərəkət etməkdə ittiham edib.

İspaniya hökumətinin başçısı bildirib ki, Ciorcia Meloninin mövqeyi Avropa hüququna, beynəlxalq humanitar hüquqa və Aİ-nin həmrəylik prinsiplərinə ziddir. O, həmçinin Seutanın Şengen zonasına daxil olmadığını xatırladaraq bəzi ölkələrin siyasi motivlərlə İspaniyanı hədəfə aldığını qeyd edib.



Avropa Komissiyası vahid yanaşmaya çağırır**

Ursula fon der Lyayen isə Sançesə ünvanladığı məktubda İspaniyanın böhrana operativ reaksiyasını yüksək qiymətləndirib və Aİ-nin xarici sərhədlərinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Avropa Komissiyasının Prezidenti Aİ-yə üzv ölkələrin daxili işlər nazirlərinin təcili videokonfrans formatında iclas keçirəcəyini açıqlayıb. O, qeyri-qanuni miqrasiya ilə mübarizədə vahid Avropa yanaşmasının, koordinasiyalı fəaliyyətin və həmrəyliyin zəruri olduğunu bildirib.

Fon der Lyayen tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsini, xarici sərhədlərin möhkəmləndirilməsini, erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsini, insan alveri şəbəkələrinin zərərsizləşdirilməsini və geri qaytarma mexanizmlərinin sürətləndirilməsini əsas prioritetlər kimi göstərib.



Ekspertlər siyasi parçalanmanın dərinləşdiyini bildirirlər

Ekspertlər hesab edirlər ki, Seuta böhranı Avropada miqrasiya məsələsində siyasi parçalanmanı daha aydın şəkildə üzə çıxarıb. Onların fikrincə, miqrasiya əleyhinə sağ siyasi qüvvələrin güclənməsi fonunda bir çox hökumətlər daha sərt sərhəd siyasətini müdafiə edir, Pedro Sançesin daha liberal yanaşması isə tənqid hədəfinə çevrilib.

Madrid Ofisinin rəhbəri Xose İqnasio Torreblanka bildirib ki, İspaniyaya həmrəylik göstərmək əvəzinə, bəzi ölkələr miqrasiyadan ehtiyat etdikləri üçün onu cəzalandırmağa çalışırlar.

"Natixis” şirkətinin baş iqtisadçısı Alisiya Qarsiya-Erero isə baş verənlərin Avropanın birlikdə hərəkət etmək qabiliyyətini zəiflətdiyini vurğulayıb.

"Avropa yenə zəiflik nümayiş etdirdi. Bu, çox ciddi zəiflikdir”, deyə o bildirib.



İspaniya hökuməti hesab edir ki, miqrasiya dalğası insan alveri ilə məşğul olan şəbəkələrin sosial mediada yaydığı yanlış məlumatlar nəticəsində yaranıb. Madrid həmçinin İspaniya Ali Məhkəməsinin dəniz yolu ilə gələn qeyri-qanuni miqrantların dərhal geri qaytarılmasını çətinləşdirən qərarının da qaçaqmalçılar tərəfindən sui-istifadə edildiyini bildirir.

İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska vəziyyətin böyük ölçüdə normallaşdığını açıqlayıb. Onun sözlərinə görə, dəniz yolu ilə qeyri-qanuni keçidlərin qarşısını almaq məqsədilə yeni üzən maneə sisteminin yaradılması üzərində iş aparılır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->