İyul Avropada istirahət üçün ən populyar aylardan biridir. Lakin bu dövrdə səyahət qiymətləri sürətlə artır, küçələr insanla dolur və isti bəzən dözülməz olur.
Qaynarinfo xəbər verir ki, bu səbəbdən "Which? Travel” səyahət ekspertləri 2025-ci ilin iyul ayında istirahət üçün həm istini sevənlərə, həm də sərinliyi üstün tutanlara uyğun Avropanın ən yaxşı məkanlarının siyahısını hazırlayıb.
1. Menorka, İspaniya – çimərlik sevənlər üçün
Baleares adalarının ən şimalında yerləşən Menorka, daha məşhur "qohumları” İbiza və Mayorkaya nisbətən daha sakit və toxunulmaz təbiəti ilə fərqlənir. Adada temperatur iyul ayında orta hesabla 28°C olur. 1993-cü ildə bütün ada UNESCO tərəfindən qorunan biosfer ərazisi elan edildiyindən, burada kireçdaşından ibarət dərələr və şam meşələri ilə əhatə olunmuş sakit koylar qorunub saxlanılıb.
Menorkanın yumşaq relyefi onu piyada və velosiped turları üçün ideal edir. "Cami de Cavalls” sahil yolu boyunca iyulda bol sayda çöl çiçəyi müşahidə olunur. Günəşli hava və rahat temperatur şəraiti turistlər üçün əlavə üstünlük yaradır.
2. Nant, Fransa – büdcəyə uyğun istirahət üçün
Ən çox turist Parisə, Provansa və ya Fransız Rivyerasına üz tutduğu vaxtda, ölkənin şimal-qərbində yerləşən sahil şəhəri Nant daha əlverişli qiymətlərlə fərqlənir. İyul ayında burada hava orta hesabla 24°C olur. Şəhərdə bu dövrdə çoxsaylı açıq hava festivalları və konsertlər keçirilir – onların əksəriyyəti pulsuzdur.
Nantda yerləşən "Jardin des Plantes” adlı 7 hektar sahəni əhatə edən botanika bağı 10 mindən artıq bitki növü ilə ziyarətçiləri valeh edir. Foto həvəskarları üçün "Le Voyage à Nantes” adlı pulsuz şəhər incəsənət marşrutu da xüsusi maraq doğurur – bu marşrut çay kənarları, dam örtükləri və küçələrdə yerləşən 120-dən çox instalyasiyanı əhatə edir.
3. Kalabriya, İtaliya – izdihamdan qaçmaq istəyənlər üçün
Aralıq dənizi bölgəsində iyulda hava bəzən dözülməz dərəcədə isti olur. Amma İtaliyanın "çəkmə burnu” adlandırılan cənub-qərb sahilində yerləşən Kalabriya istidən nisbətən uzaq bir məkandır. Bura romantik dağ silsilələri, qumdaşı mağaraları və İtaliyanın ən gözəl çimərlikləri ilə tanınır.
Turistlər burada "tartufo” adlı məşhur italyan dondurması ilə özlərini şirinləndirə və zəngin tarixi olan təbii grottalarda sərinləyə bilərlər. Reggio-di-Kalabriya şəhəri buradan cəmi iki saatlıq qatar məsafəsində yerləşir və oradan 35 dəqiqəyə Siciliyanın Messina şəhərinə bərə ilə keçmək mümkündür.
4. Reykyavik, İslandiya – istidən uzaq durmaq istəyənlər üçün
İyul ayında orta hesabla 13°C temperatur və gündəlik 20 saatdan artıq gün işığı ilə İslandiyanın paytaxtı Reykyavik sərin və sakit tətil arzulayanlar üçün ideal məkandır. Turistlər bu dövrdə "geotermal cakuzi”lərdə dincələ və günorta saatlarında belə üfüqdə görünən "gecəyarısı günəşi”nin cazibəsinə qapıla bilərlər.
İyul həm də Reykyavikdən qısa səyahətlər üçün ən əlverişli zamandır. Bu dövrdə turistlər şəlalələri, buzlaq göllərini və qayalıqlarda yuva quran puffin quşlarını izləmək üçün daha çox imkan əldə edirlər – çünki bu quşlar məhz iyulda ən aktiv olur.
Aydın
Şərhlər