Xəbər lenti

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi
Dünya 14:44 28.04.2026

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

İtaliya Baş naziri Ciorca Meloni İsveçrənin yanğından zərər çəkmiş italiyalı turistlərə tibbi xidmət üçün hesab göndərməsini "qeyri-adekvat və qəbuledilməz" adlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” məlumat yayıb.

Söhbət 2026-cı il yanvarın 1-nə keçən gecə İsveçrənin Kran-Montana xizək kurortunda baş verən yanğından gedir. Hadisə zamanı zərər çəkən italiyalı turistlərin ailələrinə ümumilikdə təxminən 130 min avro məbləğində tibbi xidmət hesabı göndərilib.

Məlumata görə, bu məbləğ kurort yaxınlığındakı xəstəxanada uşaqlara göstərilən birgünlük təcili tibbi yardım xidmətini əhatə edir. Daha sonra yaralılar helikopterlə Milandakı xəstəxanaya köçürülüb.

İtaliyanın İsveçrədəki səfiri Can Lorenso Kornado bildirib ki, İtaliya bu hesabları heç vaxt ödəməyəcək və ailələrə sənədləri "nəzərə almamağı” tövsiyə edib. O, İsveçrə tərəfinin hadisəni məsuliyyət məsələsi kimi deyil, sadəcə bədbəxt hadisə kimi qiymətləndirməsini tənqid edib.

İtaliya tərəfi həmçinin istintaqın ləng aparılmasından narazılıq edir və hələ də heç kimin məsuliyyətə cəlb olunmamasını vurğulayır.

Xatırladaq ki, Kran-Montana kurortunda "Constellation” gecə klubunda baş verən yanğında 41 nəfər həlak olub, onlardan 6-sı İtaliya vətəndaşıdır. 115 nəfər yaralanıb, onların bir hissəsi ağır yanıq xəsarətləri alıb.

Aydın
--> -->