Xəbər lenti

İtaliyada qalmaqal: Fermerlər Alp dağlarında turistlərdən pul tələb edir
Dünya 23:12 01.08.2025

İtaliyada qalmaqal: Fermerlər Alp dağlarında turistlərdən pul tələb edir

İtaliyada Dolomit Alplarında yerləşən məşhur bir piyada cığırla bağlı qalmaqal yaranıb: yerli fermerlər turistlərdən 5 avro keçid haqqı tələb etməyə başlayıblar. Bu addım onların həddindən artıq turizmə qarşı etirazı kimi qiymətləndirilir.

Qaynarinfo xəbər verir ki, "The Telegraph" nəşrinin məlumatına görə, dörd fermer dağ çəmənlikləri və otlaq sahələri üzərindən keçərək Seçeda dağ yaylasına qalxan marşrutda turniket quraşdırıb. Bu ərazi Alman dilli Cənubi Tirol bölgəsində yerləşir və cığır turistlərə Odle massivinə möhtəşəm mənzərələr təqdim edən nöqtəyə aparır. Son günlərdə cığır bir gündə 8 min nəfər tərəfindən ziyarət olunub.

Tənqidçilər bu təşəbbüsün dağlarda sərbəst hərəkət hüququnu pozduğunu və bunun digər Alplardakı fermerləri də eyni addımı atmağa sövq edə biləcəyini bildirirlər. Hazırda İtaliyada yalnız az sayda piyada marşrutuna giriş üçün ödəniş tələb olunur. Onlardan biri də şimal-qərbi Liquriya bölgəsində yerləşən "Via dell'Amore"dir ("Sevgi cığırı").
 


Fermerlər bildiriblər ki, turniket iyul ayında qısa müddətə quraşdırılıb və bu addımın məqsədi yerli hakimiyyəti onlara yardım göstərməyə təşviq etmək olub. Ancaq heç bir reaksiya verilmədiyindən, bu həftə turniket yenidən fəaliyyətə başlayıb.

"Bu bir kömək çağırışıdır. Biz vilayət rəhbərliyindən zəng gözləyirdik, amma yalnız boş sözlər eşitdik. Ərazidən istifadə edən turistlərdən qazanc əldə etmirik, əvəzində torpağımıza vurulan zərərin və turistlərin qoyub getdiyi zibillərin xərcini biz ödəyirik", deyə fermerlərdən biri, cığırın keçdiyi sahənin sahibi olan Georq Rabanser bildirib.

Söz mövzusu məsələ ilə bağlı Santa-Kristina qəsəbəsinin turizm assosiasiyasının prezidenti Lukas Demets turniketin hüquqi əsasının şübhəli olduğunu deyib: "Biz bu ödənişin hansı hüquqi əsasla tələb edildiyini anlamırıq. Görünür, torpaq sahibləri sadəcə bir qədər pul qazanmaq istəyirlər”.

O həmçinin bildirib ki, bu yay bölgədə turist axınını tənzimləmək və məsuliyyətli davranışı təşviq etmək üçün dörd meşəbəyi işə götürülüb. Demetsin sözlərinə görə, vəziyyət əvvəlkindən daha yaxşıdır və fermerlərin iddia etdiyi kimi zibil problemi artıq ciddi deyil.

İtaliya Alp Klubunun regional bölməsinin rəhbəri Karlo Alberto Zanella da dağlara çıxışın hamı üçün pulsuz qalmalı olduğunu vurğulayıb: "Cənubi Tirolun turniketlər ölkəsinə çevrilməsini istəmirəm. Hər torpaq sahibi piyada cığır keçdiyinə görə pul tələb etsə, bu ağlasığmaz vəziyyət yaradar”.

Turniketlə bağlı debatlar bu yay İtaliya dağlarında turizm bumu fonunda baş verib. Çox sayda insan çimərlik istirahətindən imtina edərək dağlara üz tutub. Bunun nəticəsində Dolomit Alplarında bir sıra bədbəxt hadisələr yaşanıb və bu yay ərzində 80-dən çox turist, velosipedçi və paraşütçü həyatını itirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->