Şair-jurnalist Xatirə Rəhimli (Xatire Rehimli) mənzil problemi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktubla müraciət edib.
O, 25 ildir mətbuat sahəsində fəaliyyət göstərdiyini, müxtəlif bölgələrdə – "Ağdam”, "Füzuli”, "Tərtər”, "Naftalan”, "Cocuq Mərcanlı”, "Tovuz”, "Qazax”, "Ağstafa”, "Şəmkir”, "Daşkəsən”, "Göygöl”, "Yuxarı Ağcakənd”, "Aşağı Ağcakənd”, "Bərdə”, "Beyləqan”, "Gəncə”, "Toğanalı”, "Əzgilli”, "Murovdağ” və digər cəbhəyanı ərazilərdə dəfələrlə səfərlərdə olduğunu bildirib. Jurnalist kəndlərdə və cəbhə bölgələrində əsgər və zabitlərlə görüşlər keçirdiyini, çıxışlar etdiyini və vətənpərvərlik mövzusunda tədbirlər təşkil etdiyini vurğulayıb.
Xatirə Rəhimli qeyd edib ki, uzun illərdir ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır və bu müddət ərzində 39 dəfə müxtəlif kirayə mənzillərə və yarımzirzəmilərə köçməli olub. Onun sözlərinə görə, şəraiti ağır olan kirayə evlərdə qalması ailəsi üçün ciddi çətinliklər yaradıb.

Jurnalist bildirib ki, bu illər ərzində media nümayəndələri üçün tikilən üç çoxmənzilli binada ona mənzil verilməyib. O, müraciətində Prezidentdən sənət və ədəbiyyat adamlarına göstərilən qayğıdan faydalanaraq mənzillə təmin olunmasını xahiş edib.
"Şair-jurnalist kimi Vətənə xidmətimi nəzərə alaraq mənzilə ehtiyacımı qarşılamanızı rica edirəm”, – deyə Xatirə Rəhimli müraciətində bildirib.
O, müraciətinin sonda müsbət cavab alacağına ümid etdiyini vurğulayıb.
Şərhlər