Kanadanın Ottava Universitetindən olan astrofizik Racendra Qupta kainatın yeni modelini irəli sürüb və bu modelə əsasən, qaranlıq maddə sadəcə "kosmik illüziya”dır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Debrief" portalının müəllifi Rayan Veylen məlumat verib.
Alimlər uzun illərdir ki, kainatın görünməyən qüvvələrin təsiri altında olduğunu qəbul edirlər. Onlar hesab edirlər ki, qaranlıq maddə qalaktikaları əlavə cazibə qüvvəsi ilə bir arada saxlayır, qaranlıq enerji isə kainatın genişlənməsinə təkan verir. Lakin Qupta fərqli fikirdədir: o, təklif edir ki, kainat yaşlandıqca təbiətin əsas qanunları dəyişə bilər.
Alimin fikrincə, kainatdakı müşahidələr qaranlıq maddənin deyil, təbiət qüvvələrinin zamanla zəifləməsinin nəticəsidir. O yazır ki, qaranlıq maddə – əslində, kainatın qocalması ilə zəifləyən fiziki qüvvələri izah etmək üçün yaradılmış nəzəri konstruksiyadır.
"The Brighter Side" portalı yazır ki, Gupta-nın hipotezasının əsasında belə bir fikir dayanır: kainatın sabit hesab olunan parametrləri – məsələn, işıq sürəti və ya cazibə qüvvəsinin gücü – əslində, sabit qalmaya bilər. Kainat zamanla dəyişdiyi üçün bu parametrlər də çox yavaş templə dəyişə bilər. Əgər bu doğrudursa, bu dəyişikliklər qaranlıq maddə və qaranlıq enerji ilə əlaqələndirilən təsirləri yarada bilər.
Alimin sözlərinə görə, "təbiət qüvvələrinin intensivliyi zaman və məsafə ilə tədricən azalır. Bu azalma kainatın genişlənməsini və qalaktikaların təkamülünü izah edə bilər".
Gupta məqaləsində qeyd edir ki, kainat genişləndikcə onun daxilindəki qüvvələr zəifləyir. Bu, elə bir təəssürat yaradır ki, sanki kainatı daha sürətlə genişlənməyə vadar edən gizli qüvvə mövcuddur.
Eyni zamanda, qalaktika səviyyəsində bu qüvvələrin dəyişməsi əlavə cazibə effekti yaradır – alimlər bunu qaranlıq maddənin təsiri kimi qəbul edirlər. Lakin Quptaya görə, bu yalnız "fiziki sabitlərin tədricən dəyişməsi nəticəsində yaranan illüziyalardır”.
O, bildirir ki, bu yeni yanaşma qalaktikaların fırlanması, onların qruplaşması və nəhəng obyektlərin ətrafında işığın əyilməsi kimi hadisələri izah etməyə kömək edir – heç bir "gizli maddə”ni fərz etmədən.
Alimin fikrincə, kainatın yaşı da əvvəl düşündüyümüzdən xeyli böyükdür – 13,8 milyard il deyil, təxminən 26,7 milyard il. Bu uzun zaman aralığı qalaktikaların formalaşması və inkişafını daha məntiqli izah edir.
Bununla belə, bir çox alimlər Quptanın modelini qəbul etmir. "The Debrief" yazır ki, tanınmış fizik, Kaliforniya Universitetinin (San-Dieqo) professoru və "Into the Impossible" podkastının aparıcısı Brayan Kitinq Quptanın nəticələrini inandırıcı hesab etmir və bildirir ki, o, "köhnə məlumatları yenidən yozmağa çalışır, lakin yeni dəlillər gətirmir.”
Qaranlıq maddə ilə bağlı alternativ nəzəriyyələr də mövcuddur. Məsələn, bəzi alimlər onun "Böyük Partlayış”dan əvvəlki sıxılma mərhələsində yaranan ilkin qara dəliklərdən ibarət ola biləcəyini irəli sürüblər. Bu qara dəliklər kainatın sıxlıq dalğalanmaları nəticəsində formalaşmış ola bilər.
Aydın
Şərhlər