Nigeriyanın Laqos ştatında yaşayan 26 yaşlı Amalu Çikamso Çizoba uşaqlıq illərində kartondan hazırladığı oyuncaq avtomobillərlə başlayan həvəsini illər sonra gerçəyə çevirərək öz dizaynı əsasında avtomobil istehsal edib.
Qaynarinfo xəbər verir ki, Çizoba Anadolu Agentliyinə bildirib ki, uşaqlıqdan ən böyük arzusu bir gün öz avtomobilini hazırlamaq olub. Orta məktəbi bitirdikdən sonra isə bu məqsədini həyata keçirmək üçün ciddi şəkildə çalışmağa başlayıb.
"Uşaqlıqdan avtomobillərlə oynamağı çox sevirdim. Əvvəl kartondan öz maşınlarımı hazırlayırdım, daha sonra plastikdən istifadə etməyə başladım", – deyə o bildirib.
Onun sözlərinə görə, avtomobillərə olan marağı zaman keçdikcə onları istehsal etmək istəyinə çevrilib. Çizoba 2013-cü ildə uşaqlar üçün helikopter modeli də hazırlayıb.
İlk avtomobilini 2019-cu ildə istehsal edib
Gənc ixtiraçı bildirib ki, avtomobil hazırlayarkən əsasən Nigeriyada əldə edə bildiyi yerli materiallardan istifadə edir. O qeyd edib ki, ölkədəki iqtisadi çətinliklər səbəbindən xaricdən ehtiyat hissələri və materialların gətirilməsi asan deyil.
Bütün çətinliklərə baxmayaraq, fəaliyyətini dayandırmadığını deyən Çizoba ilk avtomobilini 2019-cu ildə istehsal etdiyini bildirib.
"İlk avtomobilimi hazırladığım gün həyatımın ən xoş anlarından biri idi", – deyə o vurğulayıb.
Çizobanın sözlərinə görə, avtomobil istehsalında əsasən mühərrik və təkərləri hazır alır, kuzov və digər hissələri isə özü hazırlayır.
"Əvvəlcə istehsal etmək istədiyim avtomobilin dizaynını hazırlayıram, sonra isə onu həmin layihə əsasında inşa edirəm", – deyə o qeyd edib.
Ən böyük problem maliyyədir
Çizoba bildirib ki, avtomobil istehsalında qarşılaşdığı ən böyük maneə maliyyə çatışmazlığıdır. Onun sözlərinə görə, bu yolda ona inanan insanların dəstəyi böyük rol oynayıb.
"Düzünü desəm, bir dostum məndəki potensialı görüb mənə sərmayə qoymaq qərarına gəlməsəydi, bu gün olduğum yerdə olmazdım", – deyə o bildirib.
Məqsədi avtomobil zavodu yaratmaqdır
Gənc ixtiraçı gələcəkdə Almaniya və Yaponiya kimi avtomobil sənayesinin inkişaf etdiyi ölkələrdə təhsil almaq və biliklərini artırmaq istədiyini deyib.
"Hazırda etdiklərimin böyük hissəsi təbii istedadıma əsaslanır. Daha çox təhsil və bilik əldə etsəm, bundan qat-qat böyük işlər görə biləcəyimə inanıram", – deyə Çizoba bildirib.
Onun əsas məqsədi yalnız öz avtomobilini istehsal etmək deyil, Nigeriyada avtomobil sənayesinin inkişafına töhfə verməkdir.
Çizoba qeyd edib ki, gələcəkdə sadəcə avtomobil yığan müəssisə deyil, mühərrik də daxil olmaqla bütün hissələri özü istehsal edən avtomobil zavodu qurmaq istəyir.
"Burada öz avtomobil sənayemi yaratmaq istəyirəm. Məqsədim yalnız avtomobilləri yığmaq deyil. Öz mühərrikimi istehsal etmək, avtomobili sıfırdan hazırlamaq, həmçinin digər şirkətləri mühərriklə təmin etmək və gənclər üçün yeni iş yerləri yaratmaqdır", – deyə o əlavə edib.
Günay
Şərhlər