Xəbər lenti

Kim Çen In ABŞ-la münasibətlərin yaxşılaşdırılması üçün şərt irəli sürdü
Dünya 16:25 26.02.2026

Kim Çen In ABŞ-la münasibətlərin yaxşılaşdırılması üçün şərt irəli sürdü

Şimali Koreya lideri Kim Çen In ABŞ-la münasibətlərin yaxşılaşdırılmasının mümkün olduğunu, lakin bunun üçün Vaşinqtonun ölkəsini nüvə dövləti kimi tanımalı olduğunu bildirib.

Qaynarinfo-nun "Bloomberg" -ə istinadən məlumatına görə, hakim partiyanın qurultayında çıxış edən Kim ölkənin hərbi potensialının inkişafı ilə bağlı planlarını açıqlayıb. O, daha güclü qitələrarası ballistik raketlərin hazırlanacağını və yeni nüvə başlıqlarının yaradılacağını bildirib.

Kim Çen In vurğulayıb ki, Şimali Koreya hər il nüvə ehtiyatlarını gücləndirməyi planlaşdırır:

"Biz milli nüvə qüvvələrimizi hər il gücləndirməyi və nüvə silahlarının sayını artırmaq üçün bütün səyləri göstərməyi planlaşdırırıq. ABŞ düşmən siyasətindən imtina edərsə, münasibətləri yaxşılaşdırmaq üçün heç bir maneə qalmayacaq. Şimali Koreya ilə ABŞ arasında münasibətlərin gələcəyi tamamilə ABŞ-ın mövqeyindən asılıdır”.

!Bloomberg! qeyd edir ki, Kim Çen In son illərdə beynəlxalq arenada mövqeyini gücləndirib və xüsusilə Vladimir Putin ilə yaxınlaşaraq Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək verib. O, həmçinin Xi Jinping ilə birlikdə Pekində keçirilən hərbi paradda iştirak edib.

Bundan əvvəl "Newsweek" nəşri Kim Çen Inın yeniyetmə qızına ölkənin nüvə qüvvələrinə nəzarət edən raket idarəsində rəhbər vəzifə verdiyini yazıb. Bildirilir ki, bu addım onun gələcəkdə Koreya Xalq Ordusuna rəhbərlik etməyə hazırlanması məqsədi daşıyır.

Eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreyadan olan təxminən 10 min hərbçinin hazırda Rusiya ərazisində olduğunu və onların müasir hibrid müharibə təcrübəsi qazandığını bildirib.
 
Günay
--> -->