Şimali Koreya lideri Kim Çen In ölkə tarixində ilk dəfə olaraq sevgi və hakim partiyanın səhvlərindən bəhs edən teleserialın nümayişinə icazə verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
22 seriyalı layihə "Paxek düzənliyində yeni bahar" adlanır və onun efirə çıxmasını şəxsən Kim Çen In təsdiqləyib. Əsas süjet xətti şəhərdən kəndə göndərilən bir məmurun və onun ailəsinin başına gələnlər ətrafında qurulub. O, bölgədə ərzaq istehsalını bərpa etməyə çalışır, lakin həyat yoldaşı kəndin zəif infrastrukturu və oğulları üçün əlverişsiz məktəblər səbəbindən əziyyət çəkir.
Serialda ailə münaqişələri, korrupsiya və rüşvət kimi mövzulara toxunulur - qəhrəmanlar ilk dəfə Şimali Koreya ekranlarında bir-birinə açıq şəkildə hisslərini ifadə edir və rüşvət verir.
Cənubi Koreyanın Donqso Universitetindən professor Kristofer Mandeinin sözlərinə görə, bu cür məzmun Şimali Koreyanın yeni təbliğat taktikasıdır: problemləri etiraf etmək və tamaşaçıya yalnız mövcud rejimin bu çətinlikləri aradan qaldıra biləcəyini təlqin etmək.
Bildirilib ki, bu yanaşma Şimali Koreya üçün yenilikdir və təbliğatın emosional təsirini gücləndirmək məqsədi daşıyır.
Aydın
Şərhlər