Fransada Marin Le Penin rəhbərlik etdiyi ultrasağçı "Milli Birlik” partiyası ABŞ-ın ona ictimai dəstək göstərmək təklifini rədd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat
yayıb.
Məlumata görə, may ayının sonunda ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Parisdə "Milli Birlik” partiyasının yüksək vəzifəli üzvləri ilə görüş keçirib. Görüş zamanı Le Penə qarşı məhkəmə qərarından sonra onun ictimai şəkildə dəstəklənməsi təklifi irəli sürülüb. Lakin bu təklif partiya tərəfindən qəbul edilməyib.
ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək məsələləri Bürosunun əməkdaşı, Tramp administrasiyasında sürətlə yüksələn gənc mühafizəkar siyasətçilərdən biri olan Samuel Samson rəhbərlik edib.
Samson partiyanın yüksək vəzifəli üzvləri ilə görüşsə də, Le Pen və onun populyar müavini, partiya sədri Jordan Bardella görüşdə iştirak etməyiblər.
Mənbələrin sözlərinə görə, görüşün əsas məqsədi Tramp administrasiyasının Le Penə, onun məhkumluğunu apelyasiya qaydasında ləğv etdirmək cəhdləri fonunda, necə ictimai dəstək göstərə biləcəyi məsələsini müzakirə etmək olub.
Lakin "Milli Birlik” nümayəndələri ABŞ Dövlət Departamentinin bu cür açıq dəstəyinin partiyanın 2027-ci il seçkilərində qələbə şansına zərər verə biləcəyini bildirib və təklifi rədd ediblər.
Həmçinin partiya təmsilçiləri bildiriblər ki, Le Pen namizəd ola bilməsə belə, Jordan Bardellanın seçkilərdə qalib gəlmək şansı yüksəkdir və bu səbəbdən ABŞ-ın dəstəyinə ehtiyac yoxdur.
Adının açıqlanmasını istəməyən Dövlət Departamentinin yüksək rütbəli rəsmisi görüşün keçirildiyini təsdiqləyib, lakin dəstək təklifinin rədd edildiyi barədə məlumatı təkzib edib. Onun sözlərinə görə, Le Pen tərəfi sadəcə "müstəqil siyasi partiya kimi öz maraqlarına uyğun hərəkət etməli olduqlarını” bildirib.
Xatırladaq ki, Le Pen Avropanın ən tanınmış ultrasağ liderlərindən biridir və 2027-ci ildə keçiriləcək prezident seçkilərinin əsas favoritlərindən sayılırdı. Lakin 2024-cü ilin martında o, Avropa İttifaqı vəsaitlərinin mənimsənilməsi ittihamı ilə məhkum edildikdən sonra məhkəmə onun namizədliyini yasaqlayıb.
ABŞ Prezidenti Donald Tramp və digər sağçı liderlər dərhal Le Peni dəstəkləyərək, Fransa hakimiyyətini siyasi senzurada ittiham etmişdilər.
Alpər
Şərhlər