NATO ölkələri 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaq barədə razılığa gəliblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "
Reuters” və
DPA agentlikləri məlumat yayıb.
Bazar günü NATO ölkələri qarşıdan gələn sammitə dair birgə bəyanat qəbul ediblər. Bəyanatda 2035-ci ilə qədər müdafiə və təhlükəsizlik xərclərinin illik olaraq ÜDM-in 5%-nə qədər artırılması hədəf kimi göstərilib. Bu qərar İspaniyanın etirazları aradan qaldırıldıqdan sonra mümkün olub.
"Reuters”in məlumatına görə, bu bəyanat NATO-nun 32 üzvü tərəfindən təsdiqlənib, lakin yalnız çərşənbə günü Haaqada keçiriləcək sammitdə ABŞ prezidenti Donald Tramp da daxil olmaqla liderlər tərəfindən təsdiq olunduqdan sonra rəsmi qüvvəyə minəcək.
DPA agentliyi də təsdiqləyib ki, Haaqa sammitindən bir neçə gün öncə NATO üzvü dövlətlər müdafiə xərcləri ilə bağlı planlaşdırılan hədəflər üzrə razılıq əldə ediblər.
İspaniyanın etirazdan necə çəkindirilməsi barədə təfərrüatlar açıqlanmır.
Müdafiə xərclərinin ÜDM-in 5%-nə qədər artırılması ilə bağlı NATO daxilində konsensus əldə olunması ABŞ prezidenti Donald Tramp üçün siyasi qələbə hesab olunur. Tramp aylardır ki, NATO müttəfiqlərindən bu göstəriciyə çatmaq öhdəliyini tələb edirdi.
Bu həftə İspaniya NATO-nun müdafiə xərclərini ÜDM-in 3,5%-nə və müdafiə ilə əlaqəli digər xərcləri 1,5%-ə qədər artırmaq planına açıq şəkildə qarşı çıxmışdı.
Cavab olaraq, prezident Tramp bəyan etmişdi: "NATO bu ölkə ilə özü məşğul olmalıdır”.
İspaniyanın baş naziri Pedro Sançes isə NATO-nun baş katibi Mark Rütteyə məktub göndərərək müdafiə xərcləri üçün "daha çevik formula” nəzərdən keçirməyi xahiş etmişdi.
Alpər
Şərhlər