Xəbər lenti

Körfəz ölkələri öz yolunu seçir: ABŞ-ın təhlükəsizlik çətirinə etibar azalır
Dünya 12:40 17.06.2026

Körfəz ölkələri öz yolunu seçir: ABŞ-ın təhlükəsizlik çətirinə etibar azalır

ABŞ ilə İran arasında əldə olunan razılaşma Körfəz ölkələrində müharibə riskinin azalması baxımından əhali tərəfindən müsbət qarşılanıb. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər kimi region ölkələri razılaşmaya ehtiyatla yanaşır. Səbəb kimi sənədin İranın ballistik raket proqramını, pilotsuz uçuş aparatları (PUA) imkanlarını və regiondakı milis qruplarını əhatə etməməsi göstərilir.

Qaynarinfo xəbər verir ki, mütəxəssislərin fikrincə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər İranın hərbi imkanlarının daha geniş şəkildə məhdudlaşdırılmasını tələb edir. Lakin əldə olunan müvəqqəti razılaşmanın bu gözləntiləri tam qarşılamadığı bildirilir. Bu səbəbdən sənəd müharibə ehtimalını azaltsa da, Körfəz paytaxtlarında təhlükəsizlik narahatlıqları tam aradan qalxmayıb.

Paris Siyasi Araşdırmalar İnstitutunun müəllimi Kərim Bitar bildirib ki, razılaşma Körfəz ölkələrində suallar doğurur: "Bu razılaşma tələsik aparılmış danışıqlara bənzəyir və İran 2015-ci ildəki razılaşma ilə müqayisədə daha az güzəşt verib".

Bu səbəbdən Körfəz ölkələrinin sənədə ehtiyatla yanaşmasının əsaslı olduğu qeyd edilir.

Bölgə əhalisi siyasi və strateji müzakirələrdən çox, mümkün toqquşmaların azalmasına fokuslanır. Son dövrdə yaşanan gərginliklərdən sonra atəşkəs ehtimalı Körfəz ölkələrində ümumilikdə müsbət qarşılanır. Ekspertlər bildirir ki, ictimaiyyət üçün əsas prioritet təhlükəsizlik və iqtisadi sabitlikdir.

İranın müharibə dövründə Hürmüz boğazı üzərində təsir imkanlarını nümayiş etdirməsi Körfəz iqtisadiyyatlarının həssaslığını bir daha göstərib. Qlobal enerji ticarətinin əsas marşrutlarından biri olan bu boğazda mümkün böhran ciddi iqtisadi risklər yarada bilər.

Son dövrdə Birləşmiş Ərəb Əmirlikləri ilə İran arasında münasibətlərdə yumşalma müşahidə olunur. Əbu-Dabi rəhbərliyi İranla bağlı milyardlarla dollarlıq maliyyə transferləri iddialarını rədd edib. BƏƏ-nin həm iqtisadi əlaqələri qorumağa, həm də təhlükəsizlik balansını saxlamağa çalışdığı bildirilir.

Qətər isə diplomatik proseslərdə vasitəçi rolunu ön plana çıxarıb. Doha administrasiyasının Tehran və Vaşinqton arasında əlaqələrin saxlanılmasında aktiv rol oynadığı qeyd edilir. Analitiklər Qətərin həm diplomatik təsirini artırmağa, həm də regional maraqları qorumağa çalışdığını bildirir.

Səudiyyə Ərəbistanı regional sabitlik üçün diplomatik əlaqələrini genişləndirir. Riyadın Türkiyə, Misir, Qətər və Pakistanla koordinasiyanı gücləndirdiyi və ortaq təhlükəsizlik mexanizmləri üzərində çalışdığı qeyd olunur.

Mütəxəssislərin fikrincə, Körfəz ölkələri artıq əvvəlki kimi tam şəkildə ABŞ-ın təhlükəsizlik çətirinə güvənmir. Region dövlətləri həm İranla dialoqu davam etdirməyə, həm də öz regional təhlükəsizlik sistemlərini formalaşdırmağa çalışır. Son illərdəki proseslər Körfəz ölkələrini daha müstəqil təhlükəsizlik siyasətinə yönəldib.

ABŞ Prezidenti Donald Tramp "New York Times”a müsahibəsində Körfəz ölkələrinin İran təhlükəsinə qarşı ABŞ müdafiəsi üçün ödəniş edə biləcəyini bildirib. Lakin bu mexanizmin necə işləyəcəyi ilə bağlı detalları açıqlamayıb. Bu bəyanat ABŞ-nin regiondakı təhlükəsizlik roluna dair müzakirələri yenidən gündəmə gətirib.

Aydın
--> -->