Xəbər lenti

Körfəz ölkələrinin
Dünya 15:42 23.07.2025

Körfəz ölkələrinin "Şengen"i olacaq: 6 ölkəyə tək viza

Altı Körfəz ölkəsi - Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri - "Şengen" sisteminə bənzər vahid viza tətbiqinə keçməyə hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, bu ölkələri əhatə edəcək və tək bir viza ilə bütün dövlətlərə səfəri mümkün edəcək "Birləşmiş Turist Vizası"nın bu ilin sonu və ya 2026-cı ilin əvvəllərində qüvvəyə minəcəyi gözlənilir.

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) üzvü olan bu altı ölkə, turizmin inkişafını stimullaşdırmaq və səyahəti asanlaşdırmaq məqsədilə ortaq viza sistemini tətbiq etmək üzərində çalışır. Bu yeni sistem çərçivəsində, ziyarətçilər yalnız bir viza ilə bütün altı ölkədə səyahət edə biləcəklər.

Yeni sistem nə vaxt qüvvəyə minəcək?

"Birləşmiş Turist Vizası" və ya "Birləşmiş GCC Vizası” 2023-cü ildə təsdiqlənib. "Euronews"un məlumatına görə, bu "Şengen"ə bənzər sistemin 2025-ci ilin sonunda və ya 2026-cı ilin əvvəlində işə düşməsi planlaşdırılır.

Hazırda viza azadlığı olmayan ölkələrin vətəndaşları Körfəz ölkələrinə səfər etmək üçün hər bir ölkəyə ayrı-ayrılıqda viza müraciəti etməlidirlər. Yeni sistemlə birlikdə, KƏŞ-ə üzv olmayan ölkələrin vətəndaşları tək ölkəlik və ya çox ölkəni əhatə edən viza seçimlərindən birini seçə biləcəklər.

Tətbiq necə olacaq?

Vahid viza müraciəti, yalnız bir onlayn portal vasitəsilə həyata keçiriləcək. Bu viza turizm, qısa müddətli qalma və ya ailə və dost ziyarətlərini əhatə edəcək. İş və ya uzunmüddətli yaşayış üçün keçərli olmayacaq. Vizanın qüvvədə olma müddəti hələ rəsmi olaraq açıqlanmayıb, lakin 30 ilə 90 gün arasında olması gözlənilir. Ödəniş məbləği də dəqiqləşməyib.

"Birləşmiş Turist Vizası" üçün müraciət necə ediləcək?

Sistem hələ aktiv deyil, lakin istifadəyə verildikdə bütün proses tamamilə onlayn şəkildə icra olunacaq. Səyyahlar şəxsi məlumatlarını və səyahət planlarını (səfərin məqsədi, tarixləri, ölkələrarası keçid detalları və planlaşdırılan marşrut) təqdim etməli olacaqlar. Bundan sonra, müraciətçilərə tək ölkəni və ya bir neçə Körfəz ölkəsini əhatə edən viza variantları təqdim ediləcək.

Əlavə olaraq, müraciət zamanı müəyyən sənədlərin təqdim edilməsi tələb olunacaq. Bu sənədlər arasında etibarlı pasportun surəti, şəxsiyyət şəkli, qalma yeri barədə məlumat, səyahət sığortası və səfər ərzində maddi vəsaitin yetərli olduğunu göstərən sənədlərin olması gözlənilir. Müraciət təsdiqləndikdən sonra viza elektron poçt vasitəsilə göndəriləcək, lakin səyyahların səyahət boyu vizanın çap olunmuş nüsxəsini üzərlərində daşıması tələb olunacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->