"Hubris" qədim yunan dilində həddindən artıq təkəbbür və lovğalıq mənasını verir. Bu anlayış sadəcə adi lovğalıq deyil: insanın öz imkanlarını, statusunu və ya gücünü həddindən artıq şişirdərək taleyə meydan oxumasıdır. İlahi qanunlara və ilahi nizama meydan oxumağı məhz "hubris" sindromuna yaxalananlar bacarır. Bu, dəhşətli bir xəstəlikdir. İşin pis tərəfi odur ki, bu xəstəliyə tutulan adam vəziyyətini dərk etmir. Kimsə desə də başa düşmür, öz vəziyyətinin reallığını görmək istəmir.
Antik dövrdə hubris ən böyük günahlardan biri hesab olunurdu. Bu, bir insanın özünü tanrılarla bərabər görməsi mənasına gəlirdi. Belə insanlar tale yollarını özləri müəyyən etdiklərini deyirdilər. Lakin bu böyük süqutun səbəbi idi. Herman Melvil və onun "Mobi Dik" əsəri haqqında danışmazdan əvvəl, qədim yunan mifini xatırlatmağım nahaq deyil. Oxucu "Bu iki mövzu arasında hansı əlaqə ola bilər?" sualına irəlidə cavab tapacaq.
Atasının xəbərdarlığına məhəl qoymayaraq, özünə və qanadlarına həddindən artıq güvənib günəşə çox yaxın uçan, nəticədə mum qanadları əriyərək dənizə düşən İkarın hekayəsi ən uğurlu hubris nümunəsidir. Bəlkə də Melvil bu əsatirdən ilhamlanaraq özünün məşhur kapitanını yaratmışdı.
Tənqidçilər Herman Melvili "özünü insanlardan təcrid etmək üçün dənizdə gizlənən yazıçı" adlandırırdılar. Onu sağlığında tanınmayan və qiyməti bilinməyən ədəbi simalara aid edirlər. Çoxlu monoqrafiyası, elmi-tədqiqat araşdırması, məqalə və publisistik yazıları olsa da, ədəbi taleyi uzun müddət açılmamış, görünməmiş qalıb. Azərbaycan oxucusu isə onu, demək olar ki, tanımır. Cəmiyyətdən tamamilə təcrid olunmuş bu yazıçı XIX əsr Amerika ədəbiyyatının ən qüdrətli və universal simalarından biri, dünya şöhrətli "Mobi Dik" romanının müəllifidir.
H. Melvil Nyu-Yorkda, varlı bir tacir ailəsində doğulub. Lakin atasının erkən ölümü və ailənin müflisləşməsi onun təhsilini yarımçıq qoymasına səbəb olub. Gənc yaşlarından etibarən ailəsini dolandırmaq üçün müxtəlif sahələrdə çalışıb, sonda isə taleyini dənizlə bağlayıb. 1839-cu ildə ilk dəfə bir ticarət gəmisi ilə Liverpula yollanıb. 1841-ci ildə isə "Akushnet" adlı balina ovlayan gəmiyə qoşulub və Sakit okeana səfər edib. O, gəmidəki ağır şəraitə dözməyərək Markiz adalarına qaçıb və bir müddət adamyeyən qəbilələrin (Taypi qəbiləsi) arasında yaşayıb. Bu dəniz təcrübəsi və qeyri-adi macəralar onun gələcək yazıçı karyerasının əsas bünövrəsini qoyub.
Sonralar maddi problemlərlə üzləşən yazıçı düz 19 il Nyu-York Gömrük İdarəsində işləyib və artıq 1866-cı ildən yazıçılıqla aktiv məşğul olmayıb. 1867-ci ildə Melvilin böyük oğlu təsadüf nəticəsində özünü güllə ilə vurur, bundan sonra ata içki aludəçisinə çevrilir. Ailəsində ardıcıl olaraq depressiya, kədər və bədbəxtliklər yaşanan yazıçının ikinci oğlu da gənc yaşda vəfat edir. 1891-ci ildə o, tamamilə unudulmuş bir gömrük müfəttişi kimi, yoxsulluq içində bu dünyayla vidalaşır. Onun yaradıcılığı ölümündən illər sonra yenidən kəşf edilib və bu gün Melvil Amerika İntibahının zirvəsi hesab olunur.
Melvil ilk romanları olan "Taypi"ni 1846-cı ildə, "Omu"nu isə 1847–ci ildə yazır. Oxucular onu ekzotik adaların dənizçisi və macəra yazıçısı kimi sevsələr də, o, sadəcə macəra yazmaq istəmirdi; ruhu daha dərin, fəlsəfi və psixoloji mövzulara can atırdı.
"Mobi Dik, yaxud Ağ Balina" (1851) — Herman Melvilin yaradıcılığının zirvəsi, dünya ədəbiyyatının ən qüdrətli əsərlərindən biridir. İlk baxışdan dənizdə keçən bir macəra romanı kimi görünsə də, əslində insan ruhunun dərinliklərinə, tale, xeyir və şər məfhumlarına işıq tutan əsərdir. Kitab işıq üzü görəndə tənqidçilər və oxucular tərəfindən heç anlaşılmadı və kəskin tənqid olundu. Bu uğursuzluq Melvilin maddi və mənəvi çöküşünün əsasını qoydu.
XX əsrin əvvəllərində isə roman yenidən kəşf edildi. Psixologiyanın, xüsusilə Freyd və Yunqun şüuraltı nəzəriyyələrinin inkişafı, romandakı simvolların və insan psixikasının qaranlıq qatlarının daha dərindən dərk edilməsinə yol açdı. "Mobi Dik" — insanın kainat qarşısındakı acizliyini, lakin eyni zamanda onun daxili iradəsinin və üsyanını göstərən əsərdir.
Melvil "Mobi Dik"də klassik roman çərçivəsindən çıxıb. Kitabda bədii təhkiyə ilə yanaşı, balina ovunun texniki tərəfləri, dəniz biologiyası (setologiya), balina piyinin çıxarılması prosesi geniş və ensiklopedik şəkildə təsvir olunur. Yazıçı Şekspir dramaturgiyasından, İncil motivlərindən və qədim yunan faciələrindən bəhrələnərək uzun monoloqlar və fəlsəfi esselər vasitəsilə mətni zənginləşdirib. Bu səbəbdən roman bəzən bədii əsərdən çox, fəlsəfi traktatı xatırladır.
Əsər dünyanın on ən ağır və çətin oxunan kitabları sırasına aiddir. Tənqidçilər onu "qəribə roman" adlandırırdılar, çünki janr tələblərinə əməl edilmədən yazılıb. 135 fəsildən ibarət olan kitabda müəllifin yazı üslubunun, texnikasının, mətnin quruluşunun və nəqletmə zamanı ahənginin qəfil pozulmasıyla fərqlənir. Kamran Nəzirli müəllifin eyniadlı kitabına yazdığı ön sözdə qeyd edir ki, bir fəsildə dənizdəki təbii fəlakətdən söhbət gedirsə, digər fəsildə balinaların təsnifatı oxucuya təqdim olunur. Gəmi həyatı gah monoloq və dialoqlarla, gah da fəlsəfi səhnələrlə yüklənir. Quru elmi mülahizələr, arayış xarakterli sənədlərin icmalı, sitatlar, balina ovu sənayesinin təfsilatları, fəlsəfi pritçalar - ilk baxışdan sistemsiz görünür, lakin mahiyyət etibarilə yazıçı təxəyyülünün məntiqi nəticəsidir.
Kamran Nəzirli daha sonra qeyd edir ki, romanı qəribə edən bir cəhət də onun ənənəvi baş qəhrəmanının olmamasıdır. Universal həqiqət axtarışı sona qədər müxtəlif obrazlarla davam edir. Baş verənlərə iki tərəfli baxmaq lazımdır: biri şüur, digəri materiya hadisəsi kimi.
"Pekod" adlı gəmi müəllifin gözündə Amerikadır, kiçildilmiş bir dünya modelidir. Gəmidəki rəngarəng heyət bəşəriyyəti, gəminin taleyi isə kor və təkəbbürlü bir rəhbərin arxasınca fəlakətə gedən insanlığın simvoludur. Roman Kapitan Ahabın onun ayağını qoparmış nəhəng Ağ Balinanın — Mobi Dikin arxasınca düşməsindən bəhs edir. Kapitanı qisas almaq cəhdi yandırıb-qovurur.
Romanın süjeti gənc dənizçi İşmaelin dilindən nəql olunur. Gəminin kapitanı Ahab isə monomanik bir ehtirasla, obsessiya ilə doludur. Onun həyatda tək bir məqsədi var: onun bədənini şikəst etmiş əfsanəvi Ağ Balinanı tapıb öldürmək. Kapitan Ahab öz daxili intiqam hissi ilə bütün gəmi heyətini bu ölümcül və lənətlənmiş səyahətə sürükləyir. Kitabın son hissəsində onun vəziyyəti romandan gətirdiyimiz bu sətirlərdə aydın görünür:
"Pekod" o qədər yaxına gəldi ki, Ahab sudan səsləndi:
– Kursu... – kapitan sözünü axıradək deyə bilmədi və Mobi-Dikdən gələn iri dalğa zərbəsi onun başını görünməz etdi. Lakin Ahab yenə suyun üzünə çıxa bildi və qışqırdı:
– Düz balinanın üstünə gedin! Onu qovun buradan!
"Pekod" iti burnunu döndərdi və sehrli dairəni yarıb Ağ balinanı qurbanlarından uzaqlaşdırdı. Balina sərt şəkildə üzüb getdi, velbotlar yoldaşlarına köməyə tələsdi.
Yarımcan, qulaqları tutulmuş, ağ duza bələnmiş və dərin şırımlara düçar olmuş Ahabı Stabın velbotuna dartıb çıxartdılar; beləcə, onun bütün fiziki gücünün uzun gərginliyi özünü göstərdi; o, öz bədən zəifliyinin gücsüz qurbanı olmuşdu; bir müddət velbotun bortunda hərəkətsiz və ölü kimi uzanıb qaldı; sanki, fil sürüsünün ayaqları altında qalmışdı. Sinəsindən qopan sirli iniltilər, sanki, hansısa mağaranın dibindən gələn boğuq səsləri xatırladırdı.
Lakin onun bayılmasının uzun çəkməsinin özü də müxtəsər oldu; böyük ürəklər bütün xırda iztirab və sarsıntıların məcmusunu bir anın içində kəskin ağrıyla qarşılayır; zəif adamlar isə bu ağrıları həyatı boyu çəkir, daşıyır. Buna görə də bu ürəklər hər dəfə yüngülvari ağrısa da, birəsrlik kədər yığıb toplayırlar; bu kədər və ağrılar dözülməz an və dəqiqələrdən ibarət olur; xeyirxah ürəklərdə bunların mərkəz nöqtəsini daha geniş ölçə bilən şey yoxdur.
– Harpun, – Ahab dirsəklənərək dilləndi. – Harpuna bir şey olmayıb ki?
– Yox, ser, axı onu tullamamışıq! Budur, buradadır, – Stab cavab verdi.
– Onu mənim yanıma qoyun! Adamların hamısı salamatdır?
– Bir, iki, üç, dörd, beş... Beş nəfər idiniz, ser, burada da beş nəfər var!
– Yaxşı. Kömək elə qalxım! Bax belə! Hə, mən onu görürəm! Odur! Odur e! Külək istiqamətində gedir! Fəvvarəsinə bax onun! Əlini çək məndən Qoca Ahabın sümüklərinin şirəsi yenidən qaynayır! Yelkənləri qoyun! Avarlar! Çəkin avarları! Cəld, sükan arxasına!
Əsərdən götürdüyüm bu kiçik hissədə kapitanın həyatının yalnız bir məramı olduğu məlum olur. O ağ balinanı tapmalıdır və öldürməlidir. Fiziki halı buna imkan versə də, verməsə də, hikkə onun bütün ruhunu bürüyüb.
Müəllif əsərin bu hissəsində insan psixologiyasının dərin qatlarına gedərək zəif adamların adi sarsıntıları ağır qəbul etdiyini diqqətimizə çatdırır. O bu səhnədə kapitanın özünü intiqam hikkəsinə qurban verməsini zəiflik kimi diqqətimizə çatdırır.
Mobi Dik isə sadəcə bir dəniz heyvanı deyil. Balina — təbiətin kor, ramolunmaz gücü, taleyin qaçılmazlığıdır. Müəllif bu mesajı bizə ötürərək demək istəyir ki, bəzən Tanrının dərkolunmaz iradəsini, bəzən də insanın daxilindəki gizli şəri bir balina ilə göstərmək olar. Kapitan Ahab isə insanın təkəbbürünü, qürurunu və yaradılışa qarşı üsyanını, yəni "hubris"i təmsil edir. O, taleyə və özündən daha uca güclərə baş əymək istəməyən, lakin bu yolda həm özünü, həm də ətrafındakıları kor-koranə məhvə aparan iradənin rəmzidir.
Diqqətimi əsər boyu hubrisin bariz tərənnümçüsü olan Ahab cəlb edib. Ona görə də bu yazıda daha çox onun üstündə dayanmışam. Əgər yunan mifologiyasında İkar təkcə özünə ziyan vururdusa, Ahab bütün gəmi heyətini məhvə sürükləyir. Balinanı tapıb öldürməklə onun ayağı əvvəlki halına qayıtmayacaq; Ahab bunu dərk etmir, o, saçından dırnağına kimi kibrlə örtülüb. Onun dənizin gözəlliyindən, səfərin özünəməxsusluğundan xəbəri yoxdur.
İşmael isə hadisələri kənardan izləyən soyuqqanlı müşahidəçi və fəlakətdən sağ qalan yeganə şəxsdir. O, bu dəhşətli qəzadan xilas olaraq baş verənləri gələcək nəsillərə nəql edən yeganə "şahid" rolunu oynayır. İşmael müəyyən mənada Melvilin özüdür.
Melvil ağ rəng mövzusunu genişləndirərək, ölən adamın sifətindəki ağlıqdan və bəşəriyyətin bu rəng qarşısında duyduğu fövqəltəbii qorxudan bəhs edir. Romanda deyildiyi kimi:
"...Meyitin mərmər ağlığından yaranan dəhşəti gizlədə bilmirik; elə bil, onun simasındakı ağlıq bayram edir və bizə o dünyanın və ölümün qorxunc rəngini göstərir... Südrəngli duman içindən insanın qabağına çıxan, onun gözlərinə görünən kabuslar da ağ rəngdə olur... Beləliklə, insanı ağ rənglə nə kimi ali və yaxşı ideyalar bağlasa da, müəyyən mənada heç kəs inkar edə bilməz ki, çox möhtəşəm və təmiz görkəmində ağlıq insan qəlbində son dərəcə qeyri-adi qarabasmalar doğurur".
Müəllif "rekviem" sözünə də aydınlıq gətirərək vurğulayır ki, adi şəraitdə ağ köpəkbalığına xas olan o ölü ağlıq, qütb ayısının xüsusiyyətləriylə tamamilə üst-üstə düşür. Köpəkbalığının fransız dilindəki adında da bu ölümcül xüsusiyyətlər öz əksini tapıb. Katoliklər ölü duası mərasiminə bu sözlərlə başlayırlar: "Requiem aeternam" — yəni, "əbədi dinclik" (əbədi ölüm). Məhz buna görə də sonradan bütün messa ibadəti və dəfn musiqisi "Rekviem" adlanmağa başlayıb. Fransızlar isə öz növbəsində, bu canlının öldürücü hiyləgərlik vərdişlərinə görə köpəkbalığını "Requin" adlandırıblar.
Albatrosun, yəni dəniz fırtınası quşunun mistik gözəlliyi də onun bu heyranedici, sirli ağlığı ilə bağlıdır. Fövqəltəbii bir kədərə bürünmüş bu quşu yazıçı öz gözləriylə dənizdə görmüşdü. O deyirdi ki, sanki bu quşun gözlərində Yaradıcının özünə qarşı gizli bir hakimlik, bir rəqiblik iddiası var. Vaxtilə İbrahim peyğəmbər ilahi mələklərin qarşısında necə baş əyibsə, yazıçı da bu bəyaz varlığın qarşısında eləcə baş əydiyini etiraf edir.
"Bununla belə, elə nümunələr də gətirmək olar ki, ağlıq Ağ at və albatros kimi sirli və cazibəli qüvvəyə malik deyil. Bəs albinosun xarici görkəmi nə üçün bizi belə qıcıqlandırır, onu öz doğma və yaxınlarının gözündə belə mənfur edən nədir? Bax elə həmin o ağlıq! O ağlıq ki həm adı, həm də özüylə bağlıdır! Albinos heç də o birilərindən pis deyil – onda heç bir eybəcərlik bilinmir – bununla belə, nüfuzedici ağlığı onu ən dəhşətli bədheybətdən də pis varlığa çevirmişdir. Səbəb nədir?
Təbiətə başqa aspektdən baxaq: canlı təbiətin özü də sezilən və çox da ziyan gətirməyən təzahürlərində, doğrudan da, dəhşət doğuran bu idbarın xidmətlərindən yararlanmır. Ağ qar zirehinə bürünmüş Cənub sularının kabusu da məhz qar görkəmində olduğuna görə "Ağ fırtına" adını alıb.
Bəşəriyyətin çoxəsrlik təcrübəsi də bu rəngin fövqəltəbii xüsusiyyətləri barədə bəzi şeylərdən xəbər verir; məsələn, biz ölən adamın sifətinə baxarkən duyduğumuz qorxu hissini, meyitin mərmər ağlığından yaranan dəhşəti gizlədə bilmirik; elə bil, onun simasındakı ağlıq bayram edir və bizə o dünyanın və ölümün qorxunc rəngini göstərir. Ölmüş adamların ağlığından bizə ağ örtüklər verilir və biz də həmin bu ağ örtüklərlə onları bükürük. Südrəngli duman içindən insanın qabağına çıxan, onun gözlərinə görünən kabuslar da ağ rəngdə olur və biz öz inanclarımızda hər bir kabusun üzünü də ağ örtüklə örtməyi unutmuruq. Nə qədər desən, saymaq olar! Bütün bu bumbuz dəhşətlər adamın dərisini didməmiş, yaxşısı budur, yadımıza salaq ki, Bibliyada təsvir edildiyi kimi, hətta Kabuslar Kralı da yəhərli ağ atda gəzir.
Beləliklə, insanı ağ rənglə nə kimi ali və yaxşı ideyalar bağlasa da, müəyyən mənada heç kəs inkar edə bilməz ki, çox möhtəşəm və təmiz görkəmdə olan ağlıq insan qəlbində son dərəcə qeyri-adi qarabasmalar doğurur.
H. Melvilin hərtərəfli əsərininin bəzi mövzularına toxunmaq onu oxumağı əvəz edə bilməz. Sakit bir gündə, dərddən-qəmdən, qayğılardan uzaq, dəniz sahilində və ya yaşıl parkların birində bu kitabı oxumaq həm oxucunu dənizə, həm də fəlsəfə və psixologiya dünyasına səyahətə aparacaq.
Könül Nuriyev
Şərhlər