ABŞ-da COVID keçirən xəstələr "beyin dumanı”, depressiya və kognitiv pozuntular barədə Hindistan və Nigeriya xəstələrinə nisbətən xeyli daha çox məlumat verirlər.
Qaynarinfo xəbər verir ki, bu nəticəyə "Northwestern Medicine" mütəxəssislərinin rəhbərliyi ilə aparılan böyük beynəlxalq tədqiqatın müəllifləri gəlib. Tədqiqat "Frontiers in Human Neuroscience" (FHN) jurnalında dərc olunub.
Bu, COVID-in nevroloji təsirlərini qitələrarası müqayisə edən ilk tədqiqatdır. Araşdırmaya Çikaqo (ABŞ), Medellin (Kolumbiya), Lagos (Nigeriya) və Jaipur (Hindistan) akademik tibb mərkəzlərində müayinə olunmuş 3 100-dən çox yetkin xəstə cəlb olunub. Analiz həm xəstəxanaya yerləşdirilmiş, həm də yerləşdirilməmiş COVID-19 xəstələrini, 2020–2025-ci illər arasında yoluxanları əhatə edib.
Ağır infeksiya zamanı xəstəxanaya düşməyən xəstələr arasında ABŞ-dan olan 86% iştirakçı "beyin dumanı”ndan şikayət edib. Müqayisə üçün, Nigeriyada bu göstərici 63%, Kolumbiyada 62%, Hindistanda isə cəmi 15% olub. Psixoloji simptomlarda da oxşar fərqlər müşahidə edilib: amerikalı xəstələrin təxminən 75%-i depressiya və ya narahatlıq hiss etdiyini bildirərkən, Kolumbiyada bu rəqəm 40%, Nigeriya və Hindistanda isə 20%-dən az olub.
Tədqiqatın baş müəllifi, Northwestern Universitetinin Feinberg Tibb Fakültəsinin neyroinfeksion xəstəliklər və qlobal nevrologiya bölməsinin rəhbəri İqor Koralnik bildirib ki, ABŞ-da simptomların daha çox bildirilməsi xəstəliyin daha ağır keçməsindən deyil, mədəni və sistem fərqlərindən qaynaqlana bilər.
"ABŞ və Kolumbiyada psixi sağlamlıq və kognitiv problemlər barədə danışmaq sosial olaraq qəbul ediləndirsə, Nigeriya və Hindistanda belə deyil. Stiqma, dini inanclar, aşağı tibbi savadlılıq və psixi sağlamlıq mütəxəssislərinin çatışmazlığı simptomların az bildirilməsinə səbəb ola bilər,” – deyə Koralnik qeyd edib.
Bütün ölkələrdə ən geniş yayılmış nevroloji şikayətlər "beyin dumanı”, yorğunluq, əzələ ağrıları, baş ağrısı, baş gicəllənməsi və sensor pozuntular (udanma, sızlama) olub. ABŞ-da xəstəxanaya yerləşdirilməmiş xəstələrin təxminən 60%-i yuxusuzluqdan şikayət edib – Kolumbiya, Nigeriya və Hindistanda isə bu göstərici təxminən üçdə bir və ya daha az olub. Statistik analiz həmçinin yüksək və orta gəlirli ölkələr (ABŞ, Kolumbiya) ilə aşağı gəlirli ölkələr (Nigeriya, Hindistan) arasında aydın fərq göstərib.
Müəlliflər vurğulayırlar ki, uzunmüddətli COVID dünyada milyonlarla insanı, xüsusilə gənc və orta yaşlıları təsir edir, həyat keyfiyyətini və iş qabiliyyətini azaldır. Qiymətləndirmələrə görə, COVID-19 keçirmiş insanların 10–30%-ində uzunmüddətli simptomlar inkişaf edir.
Tədqiqatçılar əldə olunan məlumatların mədəniyyətə həssas diaqnostik alətlər və uzunmüddətli müşahidə və reabilitasiyanı təmin edə bilən səhiyyə sistemlərinə ehtiyacı göstərdiyini hesab edirlər.
Aydın
Şərhlər