Xəbər lenti

Kosmosda onilliklər: Ən qədim süni peyk hələ də orbitdə fırlanır
Dünya 13:20 12.07.2026

Kosmosda onilliklər: Ən qədim süni peyk hələ də orbitdə fırlanır

1958-ci ildə orbitə buraxılan ABŞ-ın "Vanguard 1” peyki bu gün də Yer ətrafında dövr etməyə davam edir. O, çoxdan siqnal ötürməyi dayandırsa da, alimlər onu Yerə qaytarmaq imkanını nəzərdən keçirirlər.

Qaynarinfo xəbər verir ki, "Slash Gear” nəşrinin yazdığına görə, "Vanguard 1” 17 mart 1958-ci ildə orbitə buraxılıb və altı onillikdən artıq müddət keçməsinə baxmayaraq, hələ də orbitdən çıxmayıb.

Peyk ABŞ-ın ikinci uğurlu kosmik aparatı olub və Beynəlxalq Geofizika İli çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin Tədqiqat Laboratoriyası tərəfindən hazırlanıb. Həmin proqram Yerin öyrənilməsinə yönəlmiş genişmiqyaslı beynəlxalq elmi təşəbbüs idi.
 


"Vanguard 1”in əsas missiyası Yer atmosferini və kosmik mühitin peyklərə təsirini araşdırmaq idi. Bundan başqa, aparat tarixə enerji mənbəyi kimi günəş panellərindən istifadə edən ilk orbital peyk kimi düşüb.

Peykin əsas batareyaları buraxılışdan sonra cəmi 20 gün işləyib. Lakin günəş panelləri avadanlığı 1964-cü ilədək enerji ilə təmin edib. Bu uğur həm ABŞ-ın kosmik proqramı, həm də günəş enerjisi texnologiyalarının inkişafı üçün mühüm mərhələ hesab olunur.

Niyə hələ də Yerə düşməyib?

Əvvəlcə alimlər hesab edirdilər ki, "Vanguard 1” min illərlə orbitdə qala bilər.

Sonradan kosmik mühit və atmosfer müqavimətinin təsiri ilə bağlı modellər dəqiqləşdirildikdən sonra bu proqnoz yenilənib. Hazırda peykin təxminən daha 240 il orbitdə qalacağı hesab edilir.

Aparat uzun müddətdir heç bir məlumat ötürməsə də, alimlər üçün hələ də qiymətli tədqiqat obyektidir. Çünki o, kosmik radiasiyanın və uzunmüddətli orbital fəaliyyətin süni konstruksiyalara təsirini öyrənməyə imkan verir.
 


Alimlər peyki Yerə qaytarmaq istəyirlər

Mütəxəssislər artıq bir neçə ildir ki, "Vanguard 1”in Yerə qaytarılması imkanını müzakirə edirlər.

İlk mərhələdə peykin texniki vəziyyətini qiymətləndirmək üçün onun ətraflı görüntülərinin əldə edilməsi planlaşdırılır. Əgər bu mümkün olarsa, aparat daha aşağı orbitə endirilə, daha sonra isə Yerə və ya əvvəlcə Beynəlxalq Kosmik Stansiyaya çatdırıla bilər.

Alimlər peyk Yerə qaytarıldıqdan sonra onun materiallarının və konstruksiyasının 65 ildən artıq açıq kosmos şəraitində necə dəyişdiyini araşdırmaq niyyətindədirlər.

Lakin elmi marağa baxmayaraq, layihə hələ də rəsmi təsdiq almayıb.

Layihənin həyata keçirilməsi üçün NASA-nın və ABŞ Hərbi Dəniz Qüvvələrinin Tədqiqat Laboratoriyasının razılığı tələb olunur. Bundan əlavə, ciddi texniki çətinliklər də mövcuddur: peyk öz oxu ətrafında fırlanmağa davam edir, kövrək antenaya malikdir və onu təhlükəsiz şəkildə tutmaq üçün hələlik uyğun texnologiya mövcud deyil.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->