Hər kəs məktəbdən bilir ki, kosmos vakuumdur və orada hava yoxdur. Amma məsələ daha mürəkkəbdir. Astronavtların sözlərinə görə, açıq kosmosdan geri dönərkən xüsusi qoxular hiss olunur. Bu mövzu alimlərə həm də kainatın kimyası barədə mühüm məlumatlar verir.
Qaynarinfo BGR.com-a istinadən xəbər verir ki, kosmosda qoxular molekullar vasitəsilə formalaşır. Məsələn, kükürd birləşmələri vulkanik aktivliyə, karbohidrogenlər isə həyatın ilkin "tikinti blokları”na işarə edə bilər. Bu müşahidələr planetlərin səth şəraitini, atmosfer reaksiyalarını və ulduzların yaranma proseslərini anlamağa kömək edir.
Astronavtların təcrübəsi göstərir ki, açıq kosmosdan qayıtdıqda onlar yandırılmış ət, metal və ya qaynaq qazlarını xatırladan qoxular hiss ediblər. NASA astronavtı Don Pettit bunu "şirin qaynaq qoxusu" kimi təsvir edib. "Apollon" missiyalarında isə ay tozunun barıt qoxusuna bənzədiyi bildirilib.
Avropa Kosmik Agentliyinin "Rozetta" missiyası zamanı 67P/Çuryumov–Qerasimenko kometasından güclü kükürd hidrogeni, ammonyak, formaldehid və sianid qarışığını xatırladan qoxular qeydə alınıb.
Marsın zəif atmosferi səbəbilə orada kükürd qazını xatırladan, lakin zəif qoxunun mövcud ola biləcəyi ehtimal olunur. Saturnun peyki Titan isə metan və etanla zəngin atmosferə sahib olduğundan, alimlər onun neft və ya benzini xatırladan qoxuya malik ola biləcəyini düşünürlər.
Süd Yolu qalaktikasının mərkəzində yerləşən Strilets B2 adlı molekulyar buludda isə etilformiat aşkarlanıb. Bu maddə moruğa dad verən və roma bənzər qoxusu ilə tanınır. Bununla yanaşı, buludda antifriz, spirt, aseton və kükürd hidrogeni də müəyyən edilib.
Beləliklə, kosmosun qoxuları sadəcə maraqlı təsəvvürlər deyil, eyni zamanda planetologiya və astrokimya üçün mühüm elmi açar rolunu oynayır.
Aydın
Şərhlər