Dünya 15:43 24.01.2023

Kreml nədən qorxur? - "Bu, özünü güc mərkəzi sayan bir dövlət üçün biabırçılıqdır"

"Rusiya Müdafiə Nazirliyi, habelə Kreml ətrafındakı binalar və DİN-in yerləşdiyi binaların damına "Pansir-C1” hava hücumundan müdafiə kompleksinin yerləşdirməsi özünü güc mərkəzi sayan bir dövlət üçün biabırçılıqdır. Bu addım Rusiyanın müdafiə gücünün zəiflədiyinin göstəricisidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın Moskvanın mərkəzində, Kremlin ətrafı, müdafiə və daxili işlər nazirliklərinin binalarında "Pansir-C1” hava hücumundan müdafiə komplükslərini quraşdırmasına münasibət bildirərkən deyib.
 
"Bu primitiv yoldur, Rusiyanın Hərbi Hava Qüvvələrinin bərbad vəziyyətdə olduğu və Moskvanın etibarlı şəkildə müdafiə olunmadığını deməyə əsas verir. Deməli, Rusiya sabahkı gün üçün narahatdır. Bu hal onu deməyə əsas verir ki, Moskva cinayət törətdiyinə görə cəzalanacağını bilir. Ona görə də indidən qabaqlayıcı addımlar atır”, deyə Üzeyir Cəfərov bildirib.
 


Ekspert qeyd edib ki, "Pansir-C1”lər müasir silahlar qarşısında acizdir, ona görə də, atılan bu addımın xeyri olmayacaq:
 
"Pansir-C1”lər müasir silahlar qarşısında tab gətirə bilməz. Ən yaxşı halda atılan raketlərin alnız yarısını zərərsizləşdirə bilər. Həmin mənzərə Rusiya üçün xoşagəlməzdir. Ölkənin müdafiə və təhlükəsizliyi o qədər zəifdir ki, "Pansir-C1”-ləri qaldırıcı kranla Müdafiə Nazirliyinin binasına qaldırıb quraşdırırlar. Strateji hədəflərə çatmaqda bu addım Rusiyaya heç bir xeyir verməyəcək”. 

Qeyd edək ki, mətbuatın yazdığına görə, Moskvanın mərkəzində Kremlin ətrafındakı binaların damında artıq üç "Pansir-C1" hava hücumundan müdafiə kompleksi yerləşdirilib. Daha bir qurğunu Daxili İşlər Nazirliyi Baş İdarəsinin yerləşdyi binanın damında qeydə alıblar. Daha iki qurğu isə Müdafiə Nazirliyinin damında quraşdırılıb. 

Rüfət Sultan