Dünya 11:52 08.10.2022

Krım körpüsündə yanğın söndürüldü, 31 oktyabradək bağlandı (YENİLƏNİB)

Krım körpüsündə dizel yanacağı ilə hərəkət edən qatarda baş verən yanğın söndürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"Krım körpüsündə dizel yanacağı olan dəmir yolu qatarındakı yanğın söndürülüb, hazırda açıq yanma yoxdur. Söndürmə işlərinə 250 nəfər, 70 texnika cəlb olunub", deyə FHN-dən bildirilib.

Yandex.Maps xidmətinin məlumatına görə, Krım körpüsü oktyabrın 31-dək bağlanıb: "Körpü ilə keçid oktyabrın 31-dək bağlı qalacaq".

11.01
 
Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib. 

O qeyd edib ki, V.Putin hadisə ilə bağlı Rusiyanın Baş naziri Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib. 

D.Peskov söyləyib ki, Rusiya Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rəhbərləri hadisə yerinə gediblər.

Bundan başqa, Rusiyanın Terrorla Mübarizə Komitəsi Krım körpüsündə baş verən partlayışın ilkin səbəbini açıqlayıb. Qurumdan bildirilib ki, körpüdəki 7 yanacaq çəninin yanmasının səbəbi yük maşınının partladılması olub.

10.20
 
Krım körpüsündə nəqliyyat tamamilə bağlanıb, boğazdan bərənin buraxılmasına hazırlıq gedir.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS yazır

"Krım körpüsünün avtomobil və dəmir yolu hissələrində hərəkət məhdudlaşdırılıb, boğazdan bərənin buraxılmasına hazırlanır”.
 
Rusiya tərəfi əmin edir ki, "fövqəladə hallar üçün bütün logistika sxemləri işlənib hazırlanıb" və bərə keçidi artıq işə salınmağa hazırdır.
 
Krım Dəmir Yolu idarəsi nəqliyyatın dayandığını və qatarların gecikdiyini bildirib, "qatarların gecikmələri" gözlənilir.

09.47
 
Krım körpüsünün dəmir yolu qolunda güclü yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə UP mənbələri, Rusiyanın təbliğat orqanı RİA Novosti, "Krım rəhbərinin müşaviri"nə istinadən məlumat yayıb.

Körpüdə güclü yanğın olduğu və insanların körpüyə buraxılmadığı bildirilir.

"RİA Novosti” xəbər verib ki, körpüdə yanacaq çəni yanıb. Körpünün tağları zədələnməyib.

Taman Yol İdarəsindən RİA Novosti-yə bildirilib ki, körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
 
Alpər