Litva BMT-yə rəsmi şəkildə piyada əleyhinə minaların qadağan olunması haqqında Ottava Müqaviləsindən çıxmaq qərarını bildirdi.
Qaynarinfo xəbər verir ki, bu barədə Litva Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Kestutis Budris sosial şəbəkə X-da
yazıb.
"Bu gün (27 iyun) Litva rəsmi olaraq BMT Baş katibini piyada əleyhinə minaların qadağası haqqında müqavilədən çıxdığı barədə məlumatlandırdı. Bu qərarı vermək asan deyildi”, deyə Budris qeyd edib.
O vurğulayıb ki, Litva Rusiya prezidenti Vladimir Putinin və Rusiya Federasiyasının Avropa üçün ən uzunmüddətli təhlükə olduğuna dair heç bir illüziyaya qapılmır.
"Rusiya siyasi məqsədlərə çatmaq üçün müharibə aparır, sabotajla sabitliyi pozur və uzunmüddətli qarşıdurmaya hazırlaşır. Belə təhlükələri nəzərə alaraq, Litva dövlətini, əhalisini və NATO ərazisinin hər santimetrini bütün mümkün effektiv hərbi vasitələrlə qorumaq üçün lazım olan bütün tədbirləri görəcək. Litva məsuliyyətli müdafiə və beynəlxalq humanitar hüquqa, o cümlədən mülki əhalinin müdafiəsinə sadiqliyini qoruyub saxlayır”, deyə Budris bəyan edib.
Reuters isə qeyd edir ki, bu bildirişdən altı ay sonra Litva artıq müqavilənin şərtləri ilə bağlı öhdəlik daşımayacaq.
Agentliyin məlumatına görə, Litva, Latviya, Estoniya, Finlandiya və Polşa parlamentləri – yəni Rusiya ilə həmsərhəd olan və NATO ilə Aİ-yə üzv olan beş ölkə – hər biri hərbi təhlükənin artması ilə əlaqədar olaraq müqavilədən çıxmağa razılıq verib.
Qeyd edək ki, Ottava Müqaviləsi 1997-ci ildə imzalanıb və piyada əleyhinə minaların istifadəsini, ehtiyatda saxlanmasını, istehsalını və ötürülməsini qadağan edir. Müqavilənin məqsədi mülki əhalinin müdafiəsi və mina təhlükəsinin aradan qaldırılmasıdır.
Litvanın bu addımı isə Avropanın şərq cinahında təhlükəsizlik arxitekturasının dəyişdiyini, Rusiyanın real hərbi təhlükə kimi qəbul edildiyini və bu təhdidə qarşı preventiv və sərt müdafiə tədbirlərinin prioritetə çevrildiyini göstərir.
Alpər
Şərhlər