Xəbər lenti

İdman 12:59 13.06.2023

Makqreqor yenə gündəmdə - Maskotu xəstəxanalıq etdi (FOTO/VİDEO)

NBA-da final oyununun təqdimat eskizi üçün fasilədə meydançaya çıxan MMA döyüşçüsü Konor Makqreqor yenə qalmaqallı hərəkəti ilə yadda qalıb.

Qaynarinfo-nun məlumatına görə, idmançı "Mayami Heat"in talismanını yumruqlayıb. 

"Mayami Heat" - "Denver Nuggets" arasında baş tutan finalın 4-cü oyunu zamanı, Makqreqor fasilədə ağrı kəsici sprey reklamı üçün meydançaya çıxıb. Şou zamanı idmançı "Mayami Heat"ın talismanı "Burnie"ni iki dəfə yumruqlayıb və bu maskotun yerə yıxılmasına səbəb olub. Maskotun qızılı rəngdə boks əlcəkləri taxmasına və bu tədbirin əvvəlcədən planlaşdırılmasına baxmayaraq döyüşçünün amansız sol yumruğu maskotu ciddi şəkildə zədələyib. Makqreqor yerə yıxılan talismana ikinci dəfə yumruq atdıqda o, yaralanıb və ayağa qalxa bilmədiyi üçün əyləncə komandası tərəfindən meydançadan uzaqlaşdırılaraq xəstəxanaya yerləşdirilib.

"The Athletic”in xəbərinə görə, "Burnie" obrazını canlandıran aktyora xəstəxanada tibbi yardım göstərilib. Ona ağrıkəsici dərman verilib və evə buraxılıb. hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. 

Makqreqor həm də yumruqlarını rinqdən kənarda istifadə etməsi və tez-tez döyüşə girməsi ilə məşhurdur. O, 2021-ci ildə MTV Video Musiqi Mükafatları mərasimində aktrisa Meqan Foksun sevgilisi reper Maçin Qan Kelli ilə dava edib. Qırmızı xalçanın üzərində içki qədəhini camaatın arasına atan idmançını mühafizəçilər dayandıra bilib.

Makqreqor bir dəfə dostu ilə zarafat edən zaman yumruqla onun burnunu sındırmışdı. Məşhur döyüşçü italyan DJ Françesko Façinettini də döymüşdü. 

34 yaşlı Makqreqor 2021-ci ilin iyulunda Dastin Puaryeyə uduzduqdan və ayağını sındırdıqdan sonra rinqə çıxmayıb. Lakin onun növbəti döyüşünün bu il Maykl Çandlerə qarşı olacağı məlumdur.
 
 

 
 

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?