Xəbər lenti

Makron Merzə xəyanət etdi və bunun əvəzini ödəyəcək - FT
Dünya 18:46 21.12.2025

Makron Merzə xəyanət etdi və bunun əvəzini ödəyəcək - FT

Fransa və Almaniya dondurulmuş Rusiya aktivlərinin Ukraynanın ehtiyaclarının maliyyələşdirilməsi üçün istifadə olunub-olunmaması məsələsində fikir ayrılığına düşüb. Artıq Emmanuel Makronun "xəyanəti” kimi adlandırılan bu vəziyyət Avropa İttifaqında vaxtilə möhkəm olan fransız-alman tandeminin daha da zəiflədiyini göstərir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” yazır.

Nəşrin müəllifləri qeyd edirlər ki, Almaniya kansleri Fridrix Merz Ukraynaya yardım üçün 210 milyard avro məbləğində dondurulmuş Rusiya suveren aktivlərindən istifadə ideyasının əsas lobbiçilərindən biri olub. Fransa prezidenti Emmanuel Makron isə bu məsələ ilə bağlı açıq şəkildə susqunluq nümayiş etdirib, qapalı müzakirələrdə isə onun komandası belə addımların hüquqi əsaslarına dair ehtiyatlı mövqe sərgiləyib.

Nəticədə son anda Makron Belçika, İtaliya və Rusiya aktivlərindən istifadəyə qarşı çıxan digər ölkələrin mövqeyinə qoşulub.

"Makron Merzi satdı və bunun bir qiyməti olacağını özü də bilir. Amma o qədər zəifdir ki, İtaliyanın baş naziri Corcia Melonini dəstəkləməkdən başqa çıxış yolu qalmamışdı”, deyə danışıqlardan xəbərdar olan, adının açıqlanmasını istəməyən yüksəkvəzifəli Aİ diplomatı bildirib.

Məqalədə vurğulanır ki, bu hadisə Aİ-də yeni reallığı əks etdirir: təşəbbüskar Almaniya və tərəddüd edən Fransa. Merz seçkilərdə qələbədən sonra Ukraynaya dəstək məsələsində özünü daha inamlı hiss etdiyi halda, Makron yüksək dövlət borcu və ölkədəki siyasi qeyri-sabitlik səbəbindən ciddi şəkildə məhdudlaşıb.

"Eurasia Group" analitik mərkəzinin Avropa üzrə rəhbəri Müctəba Rəhman Almaniya və Fransanın rollarında "tam çevriliş” baş verdiyini bildirir. Onun sözlərinə görə, son dörd-beş il ərzində Almaniya Avropanın siyasi əyləci hesab edilirdisə, indi bu rolu Paris oynayır və "öz payına düşəni yerinə yetirə bilmir”.

"Financial Times” yazır ki, Merz əslində uzun müddət Parisin müdafiə etdiyi bir çox mövqeləri qəbul edib. Bunlara Avropanın strateji muxtariyyəti, müdafiə satınalmalarında "Avropadan al” prinsipinə üstünlük verilməsi və Çinin ədalətsiz rəqabətinə qarşı vahid bazarın daha güclü qorunması daxildir. Lakin eyni zamanda, Fransanın özü güclü Avropa prinsiplərindən geri çəkilir kimi görünür.

"Bir mənada Aİ heç vaxt bu qədər fransız yönümlü olmayıb – sənaye və təhlükəsizlik siyasətinin formalaşmasında böyük ölçüdə Makronun rolu var. Amma Brüsseldə Fransa Aİ maraqlarından daha çox milli maraqlara üstünlük verir kimi bir hiss güclənir… "Fransa – yalnız sözlər, sözlər, sözlər, amma əməl yoxdur" barədə köhnə məsəlin geri qayıtdığı müşahidə olunur”, deyə Parisdə yerləşən Monten İnstitutunun Avropa siyasəti üzrə eksperti Corcina Rayt bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->