Dünya 16:02 05.05.2022

Mariupolda təxminən 2000 işğalçı var, “Azovstal”da qanlı döyüşlər davam edir

Mariupolda Rusiya işğalçılarının təxminən iki batalyon taktiki qrupu (BTQr) qalmaqda davam edir ki, bu da bir neçə min nəfər deməkdir. Şəhəri tərk edən rus qoşunlarının bir hissəsi isə Velikaya Novoselka kəndinin həndəvərində ilişib qalıblar.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu haqda brifinq zamanı Pentaqonun yüksək rütbəli rəsmisi məlumat verib.
 
Qiymətləbdirmə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub.

"Təxmin edirik ki, ruslardan ibarət iki batalyon taktiki qrup hələ də Mariupoldadır, bu isə bir neçə min nəfər deməkdir”, - Pentaqonun sözçüsü bildirib.

Bununla belə, Müdafiə Nazirliyi şəhərdəki işğalçılar ordusunu tam BTQr adlandırmağın mümkün olub-olmamasından əmin deyil. Mariupolda müxtəlif rus qüvvələrinin bir neçə qarışığı var. Məsələn, orada Kadırovun yaraqlıları görünüb. Ona görə də şəhərdəki işğalçıların ayrılmaz birliklər kimi iki BTQr-də formalaşdığını dəqiq söyləmək mümkün deyil. Lakin onların sayı təxminən 2 min nəfərə çatır.

Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi həmçinin qeyd edib ki, Mariupol və ətrafında cəmləşən qüvvələrin böyük əksəriyyəti Donbasa göndərilib. Bu, təxminən 10 batalyon taktiki qrupdur. Lakin bu bölmələr Velikaya Novoselka kəndinin cənubunda dayanıb.

Rəsmi həmçinin qeyd edib ki, Ukraynanın cənubunda Rusiya Federasiyası heç bir irəliləyiş əldə etməyib. İşğalçılar kütləvi müqavimətlə üzləşirlər. Lvov və digər şəhərləri vururlar, lakin zərbələr heç də həmişə arzu olunan hədəflərə dəymir.

Xatırladaq ki, Mariupolda işğalçılar ukraynalı hərbçilərin və mülki şəxslərin yerləşdiyi "Azovstal” zavodunu vurmağı davam etdirirlər. Xalq deputatı və "Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamia raşistlərin sənaye obyektinin ərazisinə soxulduğunu təsdiqləyib. Mariupol "Azov”unun komandiri Denis Prokopenkonun sözlərinə görə, "Azovstal”da ağır, qanlı döyüşlər davam edir.
 
Alpər