Xəbər lenti

Marsda bir insan eyni anda həm
Dünya 22:00 05.08.2026

Marsda bir insan eyni anda həm "yaz", həm də "qış" şəraitində ola bilər

Marsın atmosferi o qədər seyrəkdir ki, planetin ekvator bölgəsində günəş şüaları altında torpaq səthi +24 dərəcəyədək isinərkən, insan boyu hündürlükdə hava temperaturu sıfır dərəcədən aşağı olaraq qalır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Space Daily" nəşri NASA-nın məlumatlarına istinadən xəbər yayıb.

Alimlər bu fərqi iki termometr nümunəsi ilə izah edirlər. Bir termometr Günəşin qızdırdığı torpaq səthinə yerləşdirilir, digəri isə təxminən insan başı hündürlüyünə qaldırılır. Cəmi iki metr məsafədə yerləşmələrinə baxmayaraq, onların göstərdiyi temperatur arasında kəskin fərq yaranır.

NASA Mars haqqında məlumat kitabçasında bu vəziyyəti "ayaqların altında yaz, başın üzərində qış" ifadəsi ilə təsvir edir. Mütəxəssislərin sözlərinə görə, bu, Mars iqliminin əsas xüsusiyyətlərindən biridir.

Yer üzündə atmosfer istiliyi effektiv şəkildə daşıdığı üçün torpaq və hava temperaturu bir-birinə yaxın olur. Marsda isə torpaq və atmosfer demək olar ki, bir-birindən asılı olmayan iki ayrı istilik sistemi kimi davranır.

Bunun əsas səbəbi atmosferin son dərəcə seyrək olmasıdır. Mars səthində atmosfer təzyiqi Yerin dəniz səviyyəsindəki atmosfer təzyiqinin 1 faizindən də azdır. Atmosfer əsasən karbon qazından ibarət olsa da, qazın ümumi miqdarı istiliyin torpaqla hava arasında səmərəli ötürülməsi üçün kifayət etmir.

NASA bildirir ki, bu xüsusiyyət Marsda istifadə olunan texnikanın fəaliyyətinə də ciddi təsir göstərir. Məsələn, "Ingenuity" helikopteri Yer atmosferinin sıxlığının təxminən 1 faizi qədər olan havada uça bilmək üçün pərlərini son dərəcə yüksək sürətlə fırlatmalı olub.

Eyni zamanda, oksigen istehsalı üçün nəzərdə tutulmuş "MOXIE" cihazı karbon qazını toplamaq məqsədilə xüsusi nasos sistemindən istifadə edib.

Bu müşahidələr "Perseverance" marsoxodu tərəfindən də təsdiqlənib. Onun üzərində quraşdırılmış "MEDA" (Mars Environmental Dynamics Analyzer) cihazı Yezero kraterində müxtəlif yüksəkliklərdə temperaturu ölçür.

Müşahidələr göstərib ki, torpaq səthinin temperaturu sübh çağı -83 dərəcədən günorta saatlarında +5 dərəcəyədək yüksəldiyi halda, hava temperaturu eyni müddətdə -83 dərəcədən yalnız -23 dərəcəyədək isinib.

2023-cü ildə dərc olunan "MEDA" məlumatlarının təhlili göstərib ki, temperatur fərqinin əsas hissəsi səthdən ilk 1,45 metr yüksəklikdə formalaşır və günorta saatlarında temperatur hər metr yüksəklikdə təxminən 26 dərəcə dəyişə bilər.

Oxşar nəticələr daha əvvəl "Curiosity" marsoxodu tərəfindən də qeydə alınıb. Qeyl kraterində torpaq temperaturu +3 ilə -91 dərəcə arasında dəyişdiyi halda, hava temperaturu -2 ilə -75 dərəcə arasında olub. Torpaq həm isinmə, həm də soyuma prosesində havadan daha sürətli reaksiya verib.

Bununla belə, alimlər vurğulayırlar ki, ayaqların altında nisbətən isti torpaq olması Marsda rahat yaşayış şəraiti demək deyil. Planetdə atmosfer təzyiqi insanın skafandrsız yaşaması üçün kifayət etmir, havada demək olar ki, oksigen yoxdur və səth güclü ultrabənövşəyi, eləcə də ionlaşdırıcı radiasiyanın təsiri altındadır.

Bundan başqa, Marsda güclü küləklər əssə də, atmosferin seyrəkliyi səbəbindən onlar Yer kürəsində eyni sürətlə əsən küləklərlə müqayisədə xeyli az istilik və enerji daşıyır.

Alimlərin sözlərinə görə, Günəş batdıqdan sonra Marsın torpaq səthi topladığı istiliyi çox sürətlə kosmosa ötürür, çünki seyrək atmosfer bu istiliyi saxlamaq qabiliyyətinə malik deyil.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->