Xəbər lenti

Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı
Dünya 15:10 25.06.2026

Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı

NASA-nın "Perseverance" marsoxodu Mars süxurlarında mürəkkəb üzvi karbon birləşmələri aşkar edib. 

Qaynarinfo xəbər verir ki, "Interesting Engineering" nəşrinin yazdığına görə, bu tapıntı Qırmızı planetdə qədim həyat izlərinin axtarışı istiqamətində mühüm nailiyyət hesab olunur.

Tədqiqatçılar bildiriblər ki, karbon tərkibli iri molekullar "Yezero" kraterində toplanmış iki lil daşı nümunəsində müəyyən edilib. Alimlərin fikrincə, həmin bölgədə milyardlarla il əvvəl göl mövcud olub.

Mütəxəssislər bunu kraterdə indiyədək aşkar edilmiş üzvi materialların ən inandırıcı sübutlarından biri adlandırırlar. Məhz bu səbəbdən "NASA" "Perseverance" aparatının eniş yeri kimi "Yezero" kraterini seçmişdi. Alimlər hesab edirdilər ki, burada uzaq keçmişdə yaşayış üçün əlverişli mühitin izləri qorunub saxlanmış ola bilər.

Bununla yanaşı, tədqiqatçılar vurğulayırlar ki, yeni kəşf Marsda həyatın mövcudluğunu sübut etmir. Lakin çöküntü süxurlarında mürəkkəb karbon birləşmələrinin aşkarlanması əlavə araşdırmaların vacibliyini daha da gücləndirir.

Planet Elmləri İnstitutundan Eşli Mörfinin rəhbərlik etdiyi alimlər qrupu "Perseverance" aparatında quraşdırılmış "SHERLOC" cihazının topladığı məlumatları təhlil edib. Bu cihaz lazer spektroskopiyası vasitəsilə süxurların kimyəvi tərkibini və minerallarını müəyyənləşdirir.

"SHERLOC" lil süxurlarında üzvi maddələrin ətraflı xəritəsini hazırlayıb və yüksək karbon tərkibi ilə əlaqəli yüzlərlə siqnal qeydə alıb.

Eşli Mörfinin sözlərinə görə, alimlər üçün xüsusi maraq doğuran maddə makromolekulyar karbondur. Yer üzündə buna bənzər birləşmələr çox qədim süxurlarda tez-tez rast gəlinir və qədim mikrob fəaliyyətinin izlərini qoruyub saxlaya bilir.

Tədqiqatçı qeyd edib ki, əgər erkən Mars gənc Yerə bənzər şəraitə malik olubsa, onun qədim süxurlarında da oxşar üzvi birləşmələrin olması gözləniləndir.

Belə maddələrin aşkarlanması Yer kürəsindən kənarda həyatın yaranması üçün lazım olan komponentlərin və şəraitin mövcud olub-olmadığını müəyyən etməyə kömək edir. Marsda karbon tərkibli material qədim "Neretva Vallis" çay yatağı ilə əlaqəli olan "Bright Angel" bölgəsinin lil süxurlarında tapılıb. Vaxtilə bu çay suları məhz "Yezero" kraterinə daşıyırdı.

Yeni tapıntı "Perseverance" aparatının "Cheyava Falls" adlı daşı araşdırmasından bir ildən az müddət sonra əldə olunub. Alimlər həmin nümunəni Marsda toplanmış ən maraqlı süxurlardan biri hesab edirlər.

Çöküntü süxurunun daxilində tədqiqatçılar qeyri-rəsmi olaraq "bəbir ləkələri” adlandırılan qeyri-adi strukturlar aşkar ediblər. Belə formalaşmalar müxtəlif geoloji proseslər nəticəsində yarana bilər.

Onların bir hissəsi son dərəcə yüksək temperatur və ya çox turş mühit tələb edir. Lakin alimlər hesab etmirlər ki, həmin süxurun formalaşdığı ərazidə belə şərait mövcud olub. Eyni zamanda, bu strukturlar bioloji fəaliyyət nəticəsində də yarana bilər ki, bu da nümunəni gələcək araşdırmalar üçün xüsusilə perspektivli edir.

Bu formalaşmaların mənşəyi hələlik məlum olmasa da, bir çox tədqiqatçı "Cheyava Falls" nümunəsini Marsda tapılmış potensial biosiqnatura nümunələri arasında ən güclü namizədlərdən biri hesab edir.

Yaxınlıqdakı süxurlarda böyük həcmdə üzvi karbonun aşkarlanması isə bu regionun elmi əhəmiyyətini daha da artırır.

Kəşf göstərir ki, üzvi birləşmələr qədim Marsın daha geniş ərazilərində yayılmış ola bilər.

Tədqiqatçıların sözlərinə görə, "Perseverance" ilk dəfə olaraq makromolekulyar karbonu Mars süxurunun təbii səthində birbaşa qeydə alıb. Bundan əlavə, bu, "Geyl" kraterindən kənarda yerləşən lil süxurlarında belə karbon növünün ilk aşkarlanmasıdır. Həmin krater hazırda "NASA"nın digər marsoxodu olan "Curiosity" tərəfindən araşdırılır.

"SHERLOC" missiyasının baş tədqiqatçısının müavini Kayl Akert, "NASA"nın Reaktiv Hərəkət Laboratoriyasından verdiyi açıqlamada bildirib ki, bu kəşf milyardlarla il əvvəl Marsda üzvi birləşmələrin geniş yayılmış ola biləcəyini göstərir.

Alimlər gələcəkdə Mars nümunələrini Yerə gətirərək onları laboratoriyalarda ətraflı araşdırmağa ümid edirlər. Belə təhlillər aşkarlanan karbon birləşmələrinin adi geoloji proseslər nəticəsində yaranıb-yaranmadığını və ya onların Mars tarixində daha maraqlı bir səhifənin – mümkün həyatın izlərini daşıyıb-daşımadığını müəyyən etməyə imkan verəcək.

Aydın
--> -->