Xəbər lenti

Dünya 15:23 13.02.2026

"Mədəniyyətləri sona çatdıracaq" vulkan: 40 il sonra aktivləşdi

Meksikada yerləşən El Çiçon vulkanında 2025-ci ilin yayında qeydə alınan seysmik aktivlik 1982-ci ildə minlərlə insanın həyatını itirdiyi faciəni yenidən gündəmə gətirib. Ekspertlər böyük partlayış riski ilə bağlı açıqlama veriblər.

Qaynarinfo xəbər verir ki, Britaniyanın "Metro" nəşrindən əldə edilən məlumatlara görə, "mədəniyyətləri sona çatdıracaq" El Çiçon vulkanında 1982-ci ildə baş verən güclü partlayışlarda təxminən 2 min nəfər ölmüş, çoxsaylı yaşayış məntəqəsi tamamilə dağıdılmış və on minlərlə insan məcburi köç etmişdi. Səkkiz kilometrə yayılan sıx kül buludu bəzi bölgələrdə 40 santimetr qalınlığında kül qatları yaratmış, əkinçilik və heyvandarlıq sahələrinə ciddi zərər vurmuşdu.

Partlayış nəticəsində təxminən 1 kilometr genişliyində bir krater yaranmış və kraterdə turşulu göl əmələ gəlmişdi. Hadisənin iqtisadi dəyərinin 1999-cu ilin dollar məzənnəsi ilə 117 milyon dolları aşdığı bildirilib. ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) partlayış zamanı stratosferə böyük miqdarda material çıxdığını və bunun qlobal temperaturda təxminən 0,5 dərəcəlik düşüşə səbəb olduğunu açıqlamışdı.

Vulkanı izləyən alimlər 2025-ci ilin iyun-avqust aylarında seysmik aktivlikdə artım müşahidə ediblər. Artan hərəkətlilik olası bir partlayış ehtimalını gündəmə gətirib. Belə partlayışlar 20-30 kilometr hündürlüyə qədər qalxa bilən qaz və kül sütunları ilə xarakterizə olunur.

Kraterə enişin isə zəminin qeyri-sabitliyi, yüksək temperatur və sıx qaz çıxışı səbəbindən təhlükəli olduğu, qazların başgicəllənmə və tənəffüs problemlərinə yol aça biləcəyi qeyd edilib.

Fərqli institutlardan geologiya, seysmologiya, geokimya və geodeziya sahələrində mütəxəssis qruplar bölgədə araşdırmalar aparıblar.

Meksika Milli Avtonom Universiteti (UNAM) əməkdaşı Dr. Patrisiya Yakom Paz təqdimatında bildirib ki, müşahidə olunan hərəkətlilik kraterlə məhdudlaşan hidrotermal fəaliyyətlə əlaqədardır. Yakom Paz qeyd edib ki, super qızmış su buxarının kiçik miqyaslı partlayışlara səbəb ola biləcəyi mümkündür, lakin bu, böyük bir maqmatik yüksəliş demək deyil.

Ekspertlər indiki mərhələdə təzə maqmanın səthə doğru yüksəldiyinə dair sübut olmadığını və 1982-ci ildəki miqyasda böyük bir partlayış ehtimalının aşağı olduğunu açıqlayıblar.

Aydın
--> -->