Böyük Britaniyadan olan turist Mərakeşdə yerli uşaqlara ianə paylamasını əks etdirən video çəkdikdən sonra həbs olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” nəşri məlumat yayıb.
20 yaşlı Sam Raşton Böyük Mançesterdən qardaşı Cek ilə birlikdə Marakeşə istirahətə gedib. O, küçədə dilənən çoxsaylı uşaq və yeniyetmələri gördükdən sonra onlara kömək etmək qərarına gəlib və sosial şəbəkələr vasitəsilə uşaq bezi və süd kimi ilkin ehtiyac məhsullarının alınması üçün vəsait toplayıb.
5 mart tarixində o, yardım payladığı anı videoya çəkdiyi üçün yerli hakimiyyət tərəfindən saxlanılıb. Səlahiyyətlilər onu "ölkənin nüfuzuna xələl gətirməkdə” və yetkinlik yaşına çatmayanları icazəsiz çəkiliş etməkdə ittiham ediblər.
Şəxsin telefonu və pasportu müsadirə olunub, özü isə kameraya yerləşdirilib. Samın anası hadisədən xəbər tutduqdan sonra "GoFundMe" platformasında yardım kampaniyası başladıb və nəticədə vəkil xərcləri üçün 2,5 min funt-sterlinqdən çox vəsait toplanıb.
Danışıqlardan sonra britaniyalıya ölkəsinə qayıtmağa icazə verilib və o, 14 mart tarixində Mançester hava limanına çatıb. Ailə göstərilən dəstəyə görə təşəkkür edib, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi isə hadisəni təsdiqləyərək Mərakeşdə saxlanılan vətəndaşın ailəsi ilə əlaqədə olduqlarını bildirib.
Aydın
Şərhlər