Yeni Klinika kamera sistemi, ona aid mallar və xidmətlərin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Caspel" şirkəti seçilib. Yeni Klinika ilə şirkət arasından bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 396 673,52 manat təşkil edir.
Klinika bu məbləğə daxili kamera, şəbəkə video qeydiyyatçısı, sərt disk, decoder, server, idarə etmə klaviaturası, kompüter dəsti, lisenziya, kabel, çöl kamerası və quraşdırılma xidməti alacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Caspel" MMC 2005-ci ildə təsis edilib. Nizamnamə kapitalı 1 146 020 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 508-də yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Ceyhun Məhi oğludur.
2023-cü ilə qədər şirkətin rəhbəri iş adamı Namiq Məmmədov olub. Ondan sonra isə şirkətə Ceyhun Quliyev rəhbərlik etməyə başlayıb. Ceyhun Quliyev keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır.
Namiq Quliyev Fazil Məmmədovun nazir olduğu dövrdə Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentinin birinci müavini vəzifəsində işləyib. Bu baxımdan, "Caspel" MMC Fazil Məmmədovun şirkəti kimi tanınıb.
Fazil Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri vəzifəsində işləyib. O, 2022-ci ildə böyrək çatışmazlığından vəfat edib.
"Caspel" şirkəti satınalma müsabiqələrində fəal iştirak edir və vaxtaşırı iri məblığli tenderlərin qalibi olub. Təkcə 2025-ci ildə şirkət 20 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 14 226 246,18 manatdır.
Seyid
Şərhlər