Ölkə 10:42 01.08.2023

Məşhur aparıcıya yeni vəzifə verildi

Məşhur aparıcı Vamiq Nəsirova vəzifə verilib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə öz "Facebook” hesabında paylaşım edib.

"Hər yeni qərar, hər yeni addım bərabərində əlavə məsuliyyət gətirir. Artıq fəaliyyətimi Dövlət Məşğulluq Agentliyində Strateji Kommunikasiya Departamentində şöbə müdiri kimi davam etdirəcəm. Hər zamankı kimi, əsas məqsəd göstərilən etimadı doğrultmaqdır. AMADA-ya və onun bütün kollektivinə isə təşəkkür edirəm. Çalışdığım 3 il mənim üçün əvəzsiz bir təcrübə və karyera inkişafinda böyük bir mərhələ idi”, - deyə Vamiq Nəsirov bildirib.

2005-ci ildə ANS TV-də jurnalist kimi fəaliyyətə başlayan V.Nəsirov 2007-ci ildən "Xəzər TV"-də "Xəbərlər”, "Xəzər aktual” verilişinin eləcə də, "Gündəm", "32-ci gün", "Tarixdə o gün", "İcra vaxtı” verilişlərinin müəllifi və aparıcısı olub. O, Zirvəyə doğru" və "Sadiq dost" sənədli filmlərinin müəllifidir.

V.Nəsirov 2020-ci ilin iyulun 1-dən AMADA-nın Media və Kommunikasiya şöbəsinin müdiri olub.

O, 2016-cı il noyabrın 7-də Prezident İlham Əliyevin "Televiziya və radio işçilərinin təltif edilməsi haqqında” sərəncamına əsasən televiziya və radionun inkişafında ximətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub, 2020-2021-ci illərdə idman sahəsində ilin mətbuat katibi adına layiq görülüb.