Musiqi səhnələrinin ulduzu Keti Perri və Kanadanın keçmiş baş naziri Castin Trüdo münasibətlərini daha bir addım irəli aparıb.
Qaynarinfo xəbər verir ki, təxminən bir ildir birlikdə olan və münasibətləri ilə gündəm yaradan cütlük Tribeca Film Festivali çərçivəsində keçirilən qırmızı xalça mərasiminə ilk dəfə əl-ələ qatılaraq münasibətlərini rəsmiləşdirib.
Tribeca Film Festivalinin Nyu-Yorkda keçirilən tədbirində Keti Perri "Katy Perry: The Lifetimes Tour – Live from Paris” adlı konsert sənədli filminin dünya premyerasına qatılıb. Onu Castin Trüdo müşayiət edib.
Keti Perri tədbirə ağ rəngli vintage "Lanvin” libası ilə qatılıb, Castin Trüdo isə qara smokinq seçib. Cütlük fotoqrafların qarşısında əl-ələ dayanaraq tez-tez gülümsəyib və yaxın davranışları ilə diqqət çəkib.
Mərasim zamanı ikilinin bir-birinə söykənərək, alınlarını bir-birinə toxundurması və əl-ələ ayrılmaması sosial mediada geniş əks-səda doğurub.
Münasibət barədə şayiələr ilk dəfə 2025-ci ilin iyulunda gündəmə gəlmişdi. Daha sonra Castin Trüdonun Kanadada Keti Perrinin konsertində görünməsi və Montrealda birlikdə şam yeməyində görüntülənməsi iddiaları gücləndirmişdi.
Cütlük daha sonra Parisdə Keti Perrinin doğum gününü birlikdə qeyd edib, Tokio səfərlərində və müxtəlif tədbirlərdə də birlikdə görüntülənib. İddialara görə, Keti Perrinin Orlando Blumdan olan 5 yaşlı qızı ilə Castin Trüdonun əvvəlki evliliyindən olan uşaqlar da tanış olub.
Xatırladaq ki, Keti Perri və Orlando Blum 2016-cı ildə tanış olmuş, 2019-cu ildə nişanlanmışdı. Lakin cütlük ötən il ayrılaraq münasibətlərini sonlandırmışdı. Mənbələrə görə, cütlük hazırda sıx iş qrafikinə baxmayaraq münasibətlərinə vaxt ayırır və birlikdə xoşbəxt görünür.
Aydın
Şərhlər