Xəbər lenti

Məşhur plastik cərrah şəxsi adasını 100 milyon dollara satır
Dünya 17:35 23.07.2026

Məşhur plastik cərrah şəxsi adasını 100 milyon dollara satır

Rio-de-Janeyro sahilləri yaxınlığında yerləşən, sahəsi 30 hektardan çox olan şəxsi ada 100 milyon dollara (75 milyon funt sterlinq) satışa çıxarılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Söhbət vaxtilə dünya şöhrətli plastik cərrah İvo Pitanquya məxsus olan Pitangui adasından gedir. O, bu gün "Braziliya omba qaldırılması" (BBL) kimi tanınan estetik prosedurun pionerlərindən biri hesab olunur.

Həkim 2016-cı ildə 93 yaşında vəfat edib. Bundan sonra onun mülkünə ailəsi nəzarət edib. Məlumata görə, ada cərrahın ailəsi, yaxın dostları və məhdud sayda seçilmiş VIP qonaqlar üçün şəxsi istirahət məkanı kimi istifadə olunub.

Adanın qonaqları arasında Tom Kruz, Keti Holms, Frenk Sinatra və ABŞ-nin keçmiş prezidenti Cimmi Karterin də olduğu bildirilir. Bu məlumatı "Beauchamp Estates" daşınmaz əmlak agentliyi yayıb.

İvo Pitanguy adanı yenidən quraraq burada modernizm üslubunda altı bungalov, doqquz lüks otaq və hovuz yaradıb. Adadan Kings körfəzinin panoramik mənzərəsi açılır. Ərazidə tropik bağlar, uzunluğu 400 metr olan şəxsi uçuş-enmə zolağı, vertolyot meydançası və böyük gəmiləri qəbul edə bilən marina da yerləşir.

Adanın ərazisində turist cığırları olan şəxsi meşə, üç özəl çimərlik, təbii şirin su mənbələri və təbii akvarium var. İdman həvəskarları üçün tennis kortu yaradılıb, ərazidə hərəkət etmək üçün isə qolf arabalarından istifadə olunur.

Satıcıların sözlərinə görə, bungalovların memarlığı qismən 1974-cü ildə çəkilmiş Ceyms Bond filmi "Qızıl tapançalı adam"da canlandırılan cani Fransisko Skaramanganın məkanından ilhamlanıb.

Yeni sahib yerli bələdiyyə və Braziliya donanmasının icazəsini almaq şərti ilə adanın şərq hissəsində təxminən 2 790 kvadratmetr sahəsi olan əlavə malikanə tikə bilər. Bildirilir ki, bu layihə obyektin dəyərinə əlavə olaraq 135 milyon dollar (100 milyon funt sterlinq) artım gətirə bilər.

"Beauchamp Estates" agentliyinin təsisçisi Qeri Qersham adanı "unikal trofey aktiv" adlandırıb. Onun sözlərinə görə, bu ərazi böyük potensiala malikdir və ya tələbkar multimilyonçu və ya milyarder üçün eksklüziv şəxsi sığınacaq kimi qala bilər, ya da lazımi icazələr alındığı halda "Necker Island" üslubunda dünya səviyyəli beşulduzlu xidmətlərə malik xüsusi kurorta çevrilə bilər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->