Xəbər lenti

İdman 13:35 04.04.2024

Milli üzvünü zorla öpən prezident hava limanında saxlanıldı

Korrupsiyada ittiham olunan İspaniya Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiales saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, qadınlar arasında keçirilən dünya çempionatında İspaniya millisinin üzvü Cenni Hermosonu dodaqlarından öpdüyü üçün təzyiqlərlə qarşılaşan və vəzifəsindən istefa verən Rubiales federasiya prezidenti olduğu 2018-2023-cü illərdə bəzi müqavilələrdə korrupsiyada ittiham edilərək hava limanında saxlanılıb. Şəxsiyyəti müəyyənləşdirildikdən sonra ifadəsi alınan keçmiş prezidentin mobil telefonlarının müsadirə olunduğu, daha sonra sərbəst buraxıldığı açıqlanıb. Onun yaxın günlərdə barəsində istintaq aparan məhkəmə tərəfindən ifadə vermək üçün çağırılacağı gözlənilir. İfadə verdikdən sonra Rubialesin taleyi ilə bağlı heç bir məlumat verilməyib. Xüsusi əməliyyat bölməsi qrupları tərəfindən bir müddət təyyarədə saxlanılan Rubiales daha sonra uçuş zolağında gözləyən avtomobilə mindirilərək nəzarətə götürülüb.

Madrid məhkəməsinin başlatdığı istintaqda Rubiales, prezidentliyi dönəmində, xüsusilə 2020-2022-ci illər arasında İspaniya Futbol Federasiyası ilə bağlı bəzi müqavilələrdə tikinti şirkətindən 3,8 milyon avro almaqda və ümumilikdə digər işlərdən əldə etdiyi 530 min avro gəliri mənimsəməkdə günahlandırılır. İspaniyanın rəsmi xəbər agentliyi EFE-də yer alan məlumatda, xüsusi əməliyyat bölmələrinin Rubialesin rəhbərliyi dönəmində federasiya ilə əməkdaşlıq edən tikinti şirkəti "Gruconsa" ilə bağlanan müqavilələrdən komissiya almasından və onu yaxın dostu Fransisko Xavyer Martinin şirkəti vasitəsilə öz hesabına köçürdüyündən şübhələndiyi bildirilib. Hətta sabiq prezidentin Qranadada yerləşən evində, bəzi iş yerlərində və federasiyanın baş ofisində axtarışlar da aparıldığı yazılıb.  İstintaq çərçivəsində Dominikan Respublikası polisi Rubialesin bu ölkədə qaldığı evdə də axtarışlar aparıb. 

Rubialesin Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkuboku üçün bu ölkə ilə RFEF arasında bağlanmış müqavilələrdən də komissiya aldığı iddia edilir.  RFEF-in Səudiyyə Ərəbistanı ilə razılaşması keçmiş futbolçu Jerar Pikeyə məxsus bir şirkətin vasitəçiliyi ilə olub və İspaniya mətbuatında çox yüksək məbləğdə komissiya alındığına dair iddialar yer alıb.

Dominikan Respublikasında olarkən "La Sexta” televiziyasına müsahibə verən Rubiales isə ona qarşı irəli sürülən bütün ittihamları yalan adlandırıb, bank hesabındakı pulu tamamilə işləyərək və qənaət edərək qazandığını deyib.

Rubiales ilə Hermoso arasında baş verənlərlə bağlı açılan istintaqda prokurorluq tərəfindən Rubiales üçün 2,5 il həbs qərarı çıxarılması istənilib. Həmçinin eyni işdə Hermosoya təzyiq göstərdiyinə görə, RFEF-in keçmiş İdman direktoru Albert Luke və İspaniyanın qadınlardan ibarət millisinin sabiq baş məşqçisi Xorxe Vildanın da 1,5 il həbs edilməsi tələb olunub.

Məhkəmə isə istintaqla bağlı hələ son qərarını açıqlamayıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->