XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Milyarder çimərlikdən qum götürdü - Qarşılığında 2 milyon dollarlıq əmlak verdi
Dünya13:07 17.09.2026

Milyarder çimərlikdən qum götürdü - Qarşılığında 2 milyon dollarlıq əmlak verdi

ABŞ-də milyarder və “Milwaukee Brewers” beysbol klubunun sahibi Mark Attanasionun evinin təmiri zamanı ictimai çimərlikdən qum, çınqıl və daş götürməsi ona baha başa gəlib.

Qaynarinfo xəbər verir ki, hadisə Kaliforniyanın Malibu şəhərindəki Broad Beach ərazisində baş verib.

Məlumata görə, Attanasio sahildə yerləşən evinin zədələnmiş istinad divarını təmir etdirmək üçün müvafiq icazələr alıb. Lakin həmin icazələrdə sahilin su ilə təmasda olan hissəsində ağır texnikadan istifadə etmək və ictimai ərazidən qum götürmək qadağan edilib.

Milyarderin qonşusu, iş adamı Ceyms Kolberq isə tikinti işləri zamanı ekskavatorların birbaşa sahildə işlədiyini və ərazidən külli miqdarda qum çıxarıldığını iddia edərək məhkəməyə müraciət edib.

İddiaçı bu vəziyyəti ictimai təbii resursun şəxsi məqsədlər üçün istifadəsi kimi qiymətləndirib. Bundan sonra məsələ Kaliforniya Sahil Komissiyasının araşdırmasına səbəb olub.

Komissiya tikinti şirkətinin həssas sahil ekosistemində ağır texnikadan qanunsuz istifadə etdiyini müəyyənləşdirib. Araşdırmaya əsasən, ekskavator vasitəsilə dənizə yaxın qorunan ərazidən qum, çınqıl və iri daşlar çıxarılıb və bunlar milyarderin evinin yaxınlığındakı sahənin doldurulmasında istifadə olunub.

Nəticədə tərəflər arasında razılaşma əldə edilib. Sentyabrın 10-da Kaliforniya Sahil Komissiyası bu razılaşmanı yekdilliklə təsdiqləyib.

Razılaşmaya əsasən, Attanasio ilə əlaqəli şirkət sahilə dəymiş zərərin aradan qaldırılmasını təmin etməli, həmçinin Malibunun şərq hissəsində təxminən 2 milyon dollar dəyərində daşınmaz əmlakı ictimai istifadəyə verməlidir.

Bundan başqa, insanların sahilə çıxışını məhdudlaşdırdığı bildirilən xüsusi pilləkənlər və daş divar da sökülməlidir.

Komissiyanın icraçı direktoru Keyt Hakelbric razılaşmanın Malibu sahillərinə ictimai çıxışın genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Bu razılaşmanın Attanasioya qarşı qonşusu Ceyms Kolberqin ayrıca qaldırdığı mülki iddiaya necə təsir edəcəyi isə hələlik məlum deyil.

Aydın