Siyasət 13:44 11.02.2023

"Moskva İrəvanı öz çətiri altına qaytarmaq istəyir" - Politoloq

"Danışıqların əsas predmeti İrəvan-Moskva münasibətlərində son dövrlər yaranan fikir ayrılığının qarşısının alınması olub”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında olan telefon danışığını şərh edərkən deyib. Ekspert bildirib ki, Rusiya Ermənistanda itirdiyi mövqeyini bərpa etməyə çalışır:

"İrəvan bu danışıqların təşəbüskarıdır. Rusiya XİN-in sədr müavinin İrəvana səfəri zamanı da müzakirələr aparılmışdı. Üçtərəfli sazişin imzalanmasından sonra Rusiya ilk dövrdə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində aktiv olsa da, sonrakı mərhələdə Moskva daha çox prosesin öz maraqları çərçivəsində həllinə cəhd göstərir. Yəni, bu ölkə sülhməramlıların Qarabağda qalmasına çalışmaq, münaqişənin uzadılmasına nail olmaq üçün tərəflərə təsir və təzyiq etmək yolunu tutub. Lakin sonrakı mərhələdə prosesdə Brüsselin aktiv olması və Ermənistan sərhədində Aİ-nin mülki missiyasının yerləşdirilməsi Moskvanı Cənubi Qafqazda itirdiyi mövqelərini yenidən tələm-tələsik bərpa etməklə bağlı təşəbbüslər göstərməyə vadar etdi. 

Bu mənada, Mirzoyanla Lavrovun telefon danışığının Bakı ilə İrəvan arasında münasibətlər məsələsinə aid olduğu iddia edilsə də, daha çox Rusiyanın Ermənistanda itirdiyi mövqeyinin bərpa edilməsi istiqamətində İrəvana olan təzyiqlərlə bağlıdır. Rəsmi İrəvan ona görə də bu məsələyə aydınlıq gətirmək, bəzi vacib məsələlərin müzakirəsinə zərurət düydüğü üçün Lavrova zəng edib. Yəni, danışıqlar deyildiyi kimi Ermənistanla Azərbaycan arasında nizamlanma prosesinin davamı deyil. Daha çox Moskva ilə İrəvan arasında son zamanlar gərginləşən münasibətlərin nizamlanması üçündür”. 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Bununla bağlı məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Danışıq zamanı Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli sazişlərin icrasının vacibliyi vurğulanıb, həmçinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin parametrləri müzakirə edilib. 

Rüfət Sultan