Bu gün Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 6-cı ildönümüdür.
Qaynarinfo xəbər verir ki, 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhəri ilə yanaşı, rayonun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl kəndlərini də azad edib. Azad olunan ərazilərdə Azərbaycan bayrağı ucaldılıb.
Cəbrayılın azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin həmin istiqamətdə nəzarətə götürülməsi təmin olunub.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayonun tərkibində bir şəhər, dörd qəsəbə və 97 kənd olub. 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi azad edilib.
Vətən müharibəsində Cəbrayılın azad edilməsindən sonra, 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayona səfər ediblər. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaldıb.
Prezident İlham Əliyevin sərəncamı ilə hər il oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.
Şərhlər