"Moskva ehtiyyat edir ki, dəhliz açılandan sonra həmin ərazidən keçəcək Rusiya mallarına yüksək tariflər qoyula, yaxud da keçməsinə maneələr yaradıla bilər. Ona görə də Kreml dəhliz açılmamışdan öncə prosesdə yer alan ölkələrin bu istiqamətdə müəyyən öhdəliklər götürməsini istəyir. Yəni Rusiyanın istəyincə dəhlizin açılmasında, reallaşmasında iştirak edən dövlətlər Moskva və Tehranın fəaliyyətinə mane olmamaq üçün onların qarşısında müəyyən öhdəliklər götürməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili Maksim Seleznyovun ABŞ, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan razılaşmalara toxunarkən qeyd etdiyi bütün regional oyunçuların maraqlarının da nəzərə alınması vacibliyi məsələsini şərh edərkən deyib.
"Rusiya və İran Zəngəzur dəhlizilə bağlı mövcud vəziyyətlə barışmaq istiqamətində düşünməlidir. Gələn son xəbərlərə görə, onlar elə belə də edirlər. Rusiya və İran həmin dəhlizin açılmasına əvvəlki tək mane olmaq imkanından məhrumdur. Hazırda onların dəhlizlə bağlı mövqelərində tamamilə başqa istiqamət sezilir. İran dəhlizin açılmasına tamamilə qarşı idi. Bunu özünün təhlükəsizliyinə ciddi təhlükə hesab edir. Rusiya isə dəhlizin yalnız öz nəzarəti altında açılmasını istəyirdi", deyə ekspert bildirib.
Həmsöhbətimiz deyib ki, Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması və Zəngəzur dəhlizilə bağlı imzalanan razılaşmadan sonra isə gerçəkliklə barışmağa məhkum olan Moskva və Tehran indi mövqelərini yumşaltmaq məcburiyyətində qalıblar:
"Onlar başa düşüblər ki, prosesə qarşı getmək mümkün deyil. Çünki dəhlizin açılmasını irəli aparan məqam prosesdə Amerikanın iştirakıdır. Rusiyanın Ermənistandakı səfirinin açıqlamasını da məhz bu qəbildən qiymətləndirməliyik. Səfirin açıqlaması bəyanat kimi səslənsə də, burada bir qədər əmr elementləri də vardır. Maraqların nəzərə alınması başqadır, maraqların təmin olunmasını tələb etmək isə başqadır. Moskva dəhlizin öz maraqları çərçivəsində gerçəkləşməsinə nail ola bilmədi. Deməli, bu iki ölkənin mövcud vəziyyətdə bir çıxış yolu qalır-dəhlizin gələcək fəaliyyətindən öz məqsədləri üçün istifadə etmək. Yəni indi onlar dəhlizin fəaliyyətə düşməsilə onun fəaliyyətindən öz mənfəətləri naminə necə istifadə etmək barədə düşünürlər".
Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri Maksim Seleznyov ABŞ, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh müqaviləsinin paraflanması və Zəngəzur dəhlizinin açılması istiqamətində imzalanan sənədləri şərh edərkən bütün regional oyunçuların maraqlarının da nəzərə alınmasının vacibliyini bəyan edib. Onun iddiasına görə, Rusiya Cənubi Qafqazla daha sıx bağlıdır.
Rüfət Sultan
Şərhlər