NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Avropanın yeni müdafiə ittifaqı yaratmalı olduğunu bildirib. Onun fikrincə, NATO zəifləmə mərhələsinə daxil olub və ABŞ-nin təhlükəsizlik zəmanətləri ilə bağlı şübhələr artır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” nəşri yazıb.
Rasmussen bildirib ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi Avropada ciddi narahatlıq yaradıb.
"Hazırda NATO-nun parçalanmasını müşahidə edirik və bu təhlükəlidir. Tramp Avropanın müdafiəsi və NATO-nun 5-ci maddəsinə sadiqliyi ilə bağlı o qədər şübhə yaradıb ki, avropalılar yalnız bir nəticəyə gələ bilər: biz öz ayaqlarımız üzərində dayanmalı və qitəmizi özümüz müdafiə etməyi bacarmalıyıq”, deyə o bildirib.
Keçmiş baş katib Avropa ölkələrinin iştirakı ilə yeni təhlükəsizlik ittifaqının yaradılmasını təklif edib. Onun sözlərinə görə, alyansa yalnız müdafiə sahəsində ciddi öhdəlik götürməyə hazır dövlətlər qəbul edilməlidir.
Rasmussen bildirib ki, müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdıran NATO ölkələri bu birlikdə iştirak edə bilər.
O, həmçinin yeni alyansın NATO-nun 5-ci maddəsinə bənzər qarşılıqlı müdafiə mexanizminə malik olmasının vacibliyini vurğulayıb.
"Üzv dövlətlər hərbi əməliyyatların ayrı-ayrı ölkələr tərəfindən bloklanmasına imkan verməməli və tələblərə cavab verməyən ölkələrin alyansdan çıxarılması mexanizmi yaradılmalıdır”, deyə Rasmussen bildirib.
Rasmussen Ukraynanın gələcək Avropa təhlükəsizlik sisteminə tamhüquqlu üzv kimi inteqrasiya edilməsinin vacibliyini də qeyd edib.
"Hazırda Ukraynanın yeni silah və sursatları necə sürətlə inkişaf etdirdiyini görürük. Bu potensial Rusiyaya qarşı dayaq nöqtəsi kimi bizə lazımdır”, deyə o bildirib.
Keçmiş baş katib bu ideyanı bir sıra siyasi liderlərlə müzakirə etdiyini, lakin hələlik açıq dəstək eşitmədiyini söyləyib. O əlavə edib ki, Almaniya kansleri Fridrix Merz, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və İtaliyanın Baş naziri Corca Meloni bu təşəbbüsə rəhbərlik etsələr, bunu yüksək qiymətləndirərdi.
"Politico” qeyd edir ki, Rasmussenin hazırkı mövqeyi onun əvvəlki baxışlarından əhəmiyyətli dərəcədə fərqlənir. O, uzun illər ABŞ-nin NATO daxilində lider rolunu müdafiə edib və Danimarkanın baş naziri olduğu dövrdə ABŞ-nin İraq müharibəsini dəstəkləyib.
Keçmiş baş katib etiraf edib ki, Avropanın təhlükəsizlik modelini Vaşinqtonsuz yenidən düşünmək onun üçün ağır prosesdir: "Bu, çox ağrılıdır. Mən uşaqlıqdan ABŞ-yə heyran olmuşam və onu azad dünyanın təbii lideri hesab etmişəm”.
Bununla belə, o hesab edir ki, Avropa artıq dünya liderlərindən həddindən artıq asılılıqdan uzaqlaşmalıdır: "Biz strateji düşüncəmizi dəyişməli və Tramp, Putin və Si Cinpin kimi güclü liderlərdən asılılığımızı azaltmalıyıq”.
Rasmussen əlavə edib ki, Avropa uzun illər Rusiyadan ucuz enerji, Çindən ucuz məhsul və ABŞ-dən ucuz təhlükəsizlik əldə etməyə arxalanıb.
"Bu model artıq işləmir”, deyə o yekunlaşdırıb.
Aydın
Şərhlər