"Bu ilin sonuna qədər Ağdam-Xankəndi dəmir yolu xəttinin tamamlanması işləri nəzərdə tutulub. Bu, Bakı-Ağdam qatarının Bakı-Xankəndi qatarı ilə əvəzlənməsinə imkan verəcək".
Qaynarinfo xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a açıqlamasında deyib.
"Burada bir məqamı diqqətə çatdırmaq istərdim ki, Bakıdan Ağdama qədər olan qatar reysini 32 kilometrlik Yevlax-Bərdə sahəsində 1960-cı illərin yolundan istifadə etməklə həyata keçiririk. Bu isə həm təhlükəsizlik, həm də komfort baxımından geri qalır. Ona görə artıq Yevlaxdan Bərdəyə qədər olan yolun tam müasirləşdirilməsinə başlayırıq ki, Ağdam-Xankəndi yolu hazır olduğu təqdirdə biz Bakıdan Xankəndiyə qədər sərnişinlərimizi daha rahat və təhlükəsiz şəkildə çatdıra bilək. Ona görə də bu aydan etibarən Bakı-Ağdam qatarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. İnfrastruktur quruculuğundan sonra yolun tam təhlükəsiz şəkildə istismara verilməsi nəzərdə tutulub.
Bundan əlavə, şimal istiqamətində elektrik və işarəvermə işləri bitdikdən sonra sərnişindaşıma coğrafiyamızın regionlararası istiqamətdə daha da genişləndirilməsi üçün gündəlik qatar marşrutunun açılması, eləcə də Bakı-Xankəndi gündəlik qatar marşrutunun istifadəyə verilməsi və digər regionlar istiqamətində qatarların coğrafiyasının genişləndirilməsi, qatarların sayının artırılması nəzərdə tutulub", - deyə Rövşən Rüstəmov vurğulayıb.
Şərhlər