İdman 13:00 10.10.2023

Naxçıvanda 20 min nəfərlik stadion tikiləcək

Cari mövsüm "Araz Naxçıvan”ın Premyer Liqaya qayıtması bütün futbolsevərlərin ürəyincə oldu. Neçə illərdir blokada şəraitində yaşayan bölgənin ölkənin futbol elitasında təmsil olunması Premyer Liqaya marağı daha da artırıb. 

Ancaq komanda hələ ki, doğma meydanda oynaya bilmir. Səbəb Naxçıvan şəhər stadionunun Peşəkar Futbol Liqasının tələblərinə cavab verməməsidir. Mövsümün əvvəlində arenanın təmir ediləcəyi gözlənilsə də, işlərin başlaması yubanıb.

Görəsən arenanın təmir işlərinin yubanmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən "Araz Naxçıvan”ın kordinatoru Sakit Rza layihələndirmə işlərinin getdiyini bildirib: 
 
"Mövsümün əvvəlində stadionla bağlı PFL bizə tələblərini bildirmişdi. Bununla bağlı müvafiq qurumlarla birgə layihə işlərinə başlanılıb. Ancaq yenidənqurma işlərinin nə vaxt start götürəcəyi bilinmir. Yəqin ki, bu mövsüm "Araz Naxçıvan” Bakıda oynamalı olacaq. Çünki tikinti işlərinin xeyli vaxt aparacağı da istisna deyil”.

Klub rəsmisi ilə söhbətimizdə o da məlum olub ki, Naxçıvanda yeni stadionun tikilməsi planlaşdırılır: 

"Bildiyiniz kimi Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqram qəbul olunub. Həmin proqram çərçivəsində Naxçıvan şəhərində yeni 20 minlik stadionun tikintisi də nəzərdə tutulub.

Artıq arena üçün yeni torpaq sahəsi də ayrılıb. Layihələndirmə başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək”.

Belə görünür ki, Naxçıvan azarkeşləri bu mövsüm doğma klublarının oyununa yalnız televiziya vasitəsilə baxa biləcəklər. Komandanın doğma bölgəyə qayıtması isə böyük ehtimalla növbəti mövsüm mümkün olacaq.