Xəbər lenti

Nazirlikdən bələdiyyə üzvünün şirkətinə 337 min manatlıq sifariş
Ekonomiks 13:46 10.04.2026

Nazirlikdən bələdiyyə üzvünün şirkətinə 337 min manatlıq sifariş

Ədliyyə Nazirliyi məhkəmələrin inzibati binalarında cari təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "TD İnşaat” MMC seçilib. Təmir işlərinə görə şirkətə 337 892,48 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "TD İnşaat” MMC 13 mart 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, A.Kunanbayev küçəsi ev 18, mənzil 17-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mustafayev Qüvvət Allahverdi oğludur. 

Açıq mənbələrdə "TD İnşaat” MMC haqqında heç bir məlumat yoxdur. 

Qüvvət Mustafayevə gəlincə, mediada gedən məlumatlarda iddia edilir ki, o, ətrafına fəhlə toplayaraq onları inşaat işlərində günəmuzd çalışdıran briqadir olub. Bu işləri tikinti şirkətləri ilə heç bir müqavilə bağlamadan həyata keçirib.

Ondan əvvəl "TD İnşaat” şirkətin qanuni təmsilçisi Süleymanov Toğrul Mahir olub. 

Araşdırmalarımız zamanı məlum olub ki, Toğrul Süleymanov Xocəsən bələdiyyəsinin üzvüdür. "TD İnşaat” şirkətini də o, təsis edib. 

Vergi sistemində şirkətin 25 425,89 manat borcu olduğu göstərilir. "Dövlət satınalmaları haqqında” Qanuna görə vergi borcu olan şirkətlər satınalma müsabiqələrində iştirak edə bilməz. 

Seyid
--> -->