Alimlər insanın uzunömürlülüyündə genetikanın roluna yenidən baxıblar.
Qaynarinfo-nun məlumatına görə, "Science” jurnalında dərc olunan yeni araşdırma göstərir ki, genetika insanın ömür uzunluğuna indiyədək düşünüldüyündən xeyli güclü təsir göstərir.
Əvvəllər tədqiqatçılar ömür uzunluğunda genetik faktorun payını 10–25 faiz səviyyəsində qiymətləndirirdilər. Bu isə həyat tərzi, ətraf mühit və təsadüfi amillərin əsas rol oynadığı anlamına gəlirdi. Lakin yeni nəticələr bu yanaşmanın yanlış olduğunu ortaya qoyub.
Məsələ ondadır ki, keçmişdə bir çox insan gənc yaşlarda infeksiyalar, qəzalar və bədbəxt hadisələr kimi xarici səbəblərdən həyatını itirirdi. Bu cür ölümlər orqanizmin nə qədər sürətlə qocalması ilə əlaqəli deyil və genetik təsiri faktiki olaraq "ört-basdır" edirdi.
Niderlandlı alimlər qrupu bir neçə ölkədən olan əkiz cütlüklərinin ömür uzunluğuna dair geniş məlumat bazasını təhlil edib və xarici səbəblərdən baş verən ölümləri statistikadan çıxarıb. Bu yanaşma onlara bioloji qocalmanın ömür uzunluğunu nə dərəcədə müəyyən etdiyini daha dəqiq qiymətləndirməyə imkan verib.
Araşdırma göstərib ki, biryumurta əkizləri arasında ömür uzunluğundakı fərq iki yumurta əkizləri ilə müqayisədə daha azdır. Bu isə genlərin uzunömürlülükdə həlledici rol oynadığını göstərir. Ümumilikdə, tədqiqat müəllifləri belə nəticəyə gəliblər ki, genetik faktor insanın neçə il yaşayacağını təxminən 55 faiz səviyyəsində müəyyən edir.
Bu göstərici insanın digər mürəkkəb xüsusiyyətlərinin irsiliyinə də uyğundur. Məsələn, insanın boyu və ya intellekt səviyyəsi də təxminən 50 faiz genetikadan asılıdır.
"Nəticələr mühüm məna kəsb edir. Əgər ömür uzunluğu böyük ölçüdə genetika ilə müəyyən olunursa, həyat tərzinin dəyişdirilməsi yolu ilə qocalma sürətinə təsir imkanları məhduddur”, deyə araşdırmada qeyd olunur.
Aydın
Şərhlər