ABŞ və İran arasında imzalanan müqavilədən sonra Hörmüz boğazında dəniz nəqliyyatının normallaşması neft bazarlarında eniş gözləntilərini gücləndirib. Beynəlxalq investisiya bankı "Citi" neft qiymətlərindəki enişin qarşıdakı dövrdə də davam edə biləcəyini proqnozlaşdırıb.
Qaynarinfo xəbər verir ki, bankın qiymətləndirməsinə görə, neft qiymətlərinin növbəti 6–12 ay ərzində eniş meylini qoruması gözlənilir. "Citi” 2027-ci ilin birinci rübündə "Brent” markalı neftin bir barel qiymətinin 60–65 dollar aralığına qədər düşə biləcəyini ehtimal edir.
ABŞ ilə İran arasında imzalanan razılaşmadan sonra Hürmüz Boğazında keçidlərin tədricən normallaşması qlobal neft təchizatı ilə bağlı risklərin azalmasına səbəb olan əsas amillərdən biri kimi qiymətləndirilir.
"Citi” təchizat tərəfdə risklərin azalmasının neft qiymətlərinə aşağı istiqamətli təzyiqi artıracağını bildirir.
ABŞ-ın İrana qarşı dəniz blokadasını ləğv etdiyini açıqlamasından sonra neft qiymətlərində eniş sürətlənib. Qiymətlər müharibənin başladığı 28 fevraldan bu yana qeydə alınan ən aşağı səviyyələrə qədər geriləyib.
Analitiklər qlobal neft təchizatının təxminən beşdə birinin daşındığı Hürmüz Boğazında ixracın növbəti aylarda mərhələli şəkildə normallaşa biləcəyini proqnozlaşdırır. Bu ssenarinin reallaşması qlobal enerji bazarlarında təchizat təzyiqinin azalmasına gətirib çıxara bilər.
Bununla belə, bazarlarda ehtiyatlı gözlənti davam edir. Mütəxəssislər ABŞ ilə İran arasında bəzi əsas məsələlər üzrə tam razılaşmanın hələ əldə olunmadığını bildirir və normallaşma prosesinin enerji bazarları tərəfindən yaxından izlənildiyini vurğulayırlar.
Aydın
Şərhlər