Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, Elxan İbrahimov 1982-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə magistr üzrə bitirib, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb.
Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar "Holiday Inn Baku Airport” otelində, "Baker Tilly” audit şirkətində, "Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.
2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.
Son vəzifəsinə kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis və rus dillərini bilir. Evlidir, 3 övladı var.
Qeyd edək ki, Asif Əsgərov 2024-cü ilin sentyabrında Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi. O, hazırda Milli Məclisin deputatıdır.
Şərhlər