Xəbər lenti

Nəsli kəsilmiş denisovanların genləri hələ də Okeaniya xalqlarının immunitetinə təsir edir
Dünya 23:23 25.06.2026

Nəsli kəsilmiş denisovanların genləri hələ də Okeaniya xalqlarının immunitetinə təsir edir

Okeaniyanın uzaq ada xalqları qədim insan növlərinin ən yaxın genetik qohumları hesab olunur. Yeni araşdırma göstərib ki, denisovanlılardan miras qalan genlər bu gün də həmin xalqların immun sisteminin fəaliyyətinə təsir göstərir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "National Geographic” məlumat yayıb.

Tədqiqatın nəticələri "Live Science” nəşrində dərc olunub. Müəlliflər bildirirlər ki, onların hazırladığı məlumat bazası indiyədək yaradılmış ən əhatəli denisovalı DNT xəritəsidir.

Araşdırma nəticəsində məlum olub ki, Papua-Yeni Qvineya sakinləri genomlarının təxminən 5 faizini denisovanlılardan miras alıblar. Müqayisə üçün qeyd edilir ki, Şərqi Asiya xalqlarında bu göstərici adətən təxminən 0,1 faiz təşkil edir.

Alimlər denisovanlılara aid 3 127 gen variantı müəyyən ediblər. Bu genlərin bir çoxu bu gün də immun sistemində aktiv olaraq qalır. Onlardan bəziləri müəyyən immun reaksiyalarına cavabdeh olan genləri aktivləşdirə və ya deaktivləşdirə bilir. Digər gen variantları isə yalnız immun sisteminin deyil, orqanizmin başqa funksiyalarının da tənzimlənməsində iştirak edir.

Tədqiqatçılar hesab edirlər ki, müasir insanlar ən azı 42 min il əvvəl Okeaniyaya gəldikdə yeni xəstəlik törədiciləri və fərqli ekoloji şəraitlə üzləşiblər. Bu şəraitdə denisovanlılardan miras qalan genetik xüsusiyyətlər onların əvvəllər tanımadıqları xəstəliklərə uyğunlaşmasına və sağ qalmasına kömək etmiş ola bilər.

Denisovanlılar və neandertallar müasir insan növünün yaxın qohumları hesab olunur və vaxtilə Asiya ərazisində yaşayırdılar. Onların təxminən 30 min il əvvəl tamamilə yox olduğu güman edilir. Bu günə qədər yalnız bir neçə parçalanmış fosil nümunəsi qorunub saxlanılıb. Lakin yeni araşdırma göstərir ki, denisovanlıların genetik izi bəzi xalqların genomunda hələ də mövcuddur.

Alimlərin əvvəlki tədqiqatları göstərmişdi ki, müasir Okeaniya sakinlərinin əcdadları ən azı üç fərqli qədim insan qrupu ilə əlaqəli olub. Genetik analizlərin nəticələrinə görə, on minlərlə il əvvəl ada əhalisi denisovanlı qruplarla qarşılaşıb və onlarla yaxın təmasda olub. Sonrakı dövrlərdə isə təbii seçmə sağ qalmağa kömək etməyən genləri aradan qaldırıb.

Tədqiqatçılar hesab edirlər ki, günümüzə qədər qorunub qalan denisovanlı genləri əsasən immunitet, maddələr mübadiləsi, reproduktiv qabiliyyət və skelet inkişafı ilə əlaqədardır.

Aydın
--> -->