Xəbər lenti

Nəslinin kəsildiyi düşünülürdü, 185 il sonra kəşf edildi (FOTO)
Dünya 23:18 06.06.2025

Nəslinin kəsildiyi düşünülürdü, 185 il sonra kəşf edildi (FOTO)

Dünyanın ən kiçik su samuru növü sayılan Asiya dırnaqsız su samuru (Aonyx cinereus) Nepalda 185 il sonra ilk dəfə müşahidə olunub. Bu növ sonuncu dəfə 1839-cu ildə rəsmi olaraq qeydə alınmış və uzun illər ərzində ölkədə nəsli kəsilmiş hesab olunurdu.

Qaynarinfo "IFLScience nəşrinə istinadən xəbər verir ki, Nepal tarixi olaraq üç su samuru növünün vətəni olub: hamarlaklı su samuru (Lutrogale perspicillata), Avrasiya su samuru (Lutra lutra) və Asiya dırnaqsız su samuru (Aonyx cinereus). İlk iki növ zaman-zaman müşahidə olunub və araşdırılıb. Lakin üçüncü növ – dırnaqsız samur – demək olar ki, iki əsrdir rəsmi sənədlərdə qeydə alınmamışdı.

Bu illər ərzində ara-sıra müşahidələr haqqında məlumatlar verilsə də, heç biri təsdiqlənmirdi. Bir çox tədqiqatçı bu növün ölkədə tamamilə yoxa çıxdığını düşünürdü.


Lakin 2024-cü ilin noyabrında Nepalın Dadeldhura dairəsində yerləşən Rangun və Puntara çaylarının birləşdiyi yerdə gənc bir samur fərdi müşahidə olunub. Mərkəzi Cənub Meşəçilik və Texnologiyalar Universitetinin tədqiqatçısı Moxan Bikram Şrestanın bildirdiyinə görə, heyvan çox zəif və zədələnmiş vəziyyətdə tapıldığı üçün meşə işçiləri ona qulluq edib və böyüdüblər. Onlar heyvanın hansı növə aid olduğunu bilmədikləri üçün foto və videolar çəkərək, onları su samuru üzrə mütəxəssislərlə, o cümlədən Şresta ilə bölüşüblər. Məlumatlar sonra Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) Su Samurları üzrə Mütəxəssislər Qrupuna göndərilib.

Nəticədə bu, Nepalda Asiya dırnaqsız su samurunun 185 ildən sonra ilk rəsmi qeydə alınmış müşahidəsi hesab olunur. Şresta və həmkarları bu hadisəni "Nepal üçün nadir bir mühafizə kəşfi" adlandırıblar və bu növün ölkədə hələ də yaşadığını sübut etdiyini bildiriblər.

Lakin bu tapıntı təhlükənin aradan qalxdığı anlamına gəlmir. Tədqiqatçılar vurğulayırlar ki, bu müşahidə növün Nepaldakı vəziyyətinin ətraflı şəkildə öyrənilməsinin və təcili mühafizə tədbirlərinin görülməsinin vacibliyini bir daha xatırladır. Su samurlarının yaşadığı ərazilərdə çayların çirklənməsi, qeyri-davamlı balıqçılıq, meşələrin qırılması, yaşayış mühitinin deqradasiyası və kənd təsərrüfatı tullantıları ciddi təhdidlər yaradır.

Hazırda Nepal su samurlarının qorunması üzrə milli planın hazırlanması üzərində işləyir. Beynəlxalq Su Samurları Qrupunun Himalay regionu üzrə sədr müavini Sandjan Tapanın sözlərinə görə, bu növün ölkədə hələ də yaşadığını sübut edən konkret dəlillər artıq olduğu üçün onu milli siyasət və mühafizə proqramlarına daxil etmək zəruridir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->