Xəbər lenti

Niyə Belçika Ukraynaya
Dünya 12:17 15.11.2025

Niyə Belçika Ukraynaya "reparasiya krediti"ni ləngidir: WSJ əsas səbəbi göstərdi

Avropa İttifaqı Ukraynanın müdafiəsinin Rusiya pulları hesabına maliyyələşdirilməsi planına qarşı Belçikanın etirazlarını mümkün qədər tez dəf etməyə çalışır. 

Qaynarinfo "The Wall Street Journal”a istinadla yazır ki, yaz aylarında Ukrayna vəsaitsiz qala bilər və Aİ öz kredit təklifini Kiyevin silah alışını davam etdirməsinə imkan verən ən yaxşı variant kimi görür.

Eyni zamanda, belçikalı rəsmilər siyasi və ya hüquqi problemlərin yaranacağı halda ölkənin öz milli iqtisadiyyatının üçdə birinə bərabər ola biləcək öhdəliklərlə üzləşəcəyindən ehtiyatlanırlar.

Belçika ilə Aİ arasındakı mübahisə reparasiya krediti ilə bağlı hüquqi risklərin ziddiyyətli qiymətləndirilməsinə söykənir. Aİ rəsmiləri risklərin mövcudluğunu etiraf etsələr də, onları aşağı və idarəolunan hesab edirlər, belçikalı rəsmilərin mövqeyi isə tam əksidir.

Aİ planına görə, Ukraynaya kredit Avropa Mərkəzi Bankında yığılan və Euroclear-da saxlanılan rus aktivlərinin ödəniş müddəti yetişdikcə formalaşan pul ehtiyatlarından veriləcək. Ukrayna bu vəsaiti yalnız o halda qaytarmalı olacaq ki, Rusiya müharibədən sonra Kiyevə reparasiya ödəsin.

"Məhz buna görə Avropa Komissiyası Euroclear-a faktiki olaraq veksel sayılan bir kontrakt təqdim edəcək və şirkətin Rusiyaya borcu qaytarmalı olacağı halda balansı kompensasiya etməyi öhdəsinə götürəcək. Aİ ölkələri isə komissiyanın mümkün borcu ödəməsi üçün resurslara sahib olmasını təmin edəcəklər. Öz növbəsində Euroclear Rusiyaya yalnız Qərb sanksiyaları onun aktivlərindən götürüldüyü halda ödəniş etməli olacaq. Bu müddətə qədər Ukraynaya verilən kredit müddətsiz uzadıla bilər və Ukraynanın borcu hesab edilməz”, – məqalədə qeyd olunur.

Aİ planının həyata keçirilməsi üçün belçikalı rəsmilər digər Aİ ölkələrindən zəmanət almaq istəyirlər ki, əgər şirkət Rusiyanın aktivlərini qaytarmağa məcbur edilərsə, Euroclear dərhal vəsait alacaq. Onlar təklifin qanunsuz sayılması və ya ABŞ-la Rusiya arasında Euroclear-ın vəsaitləri geri qaytarmağa məcbur edəcəyi sülh sazişi imzalanacağı təqdirdə bunun baş verə biləcəyindən narahatdırlar.

Bununla yanaşı, Belçika hökuməti Moskvanın Belçika şirkətlərinin Rusiyadakı aktivlərini rəsmi olaraq müsadirə edə biləcəyindən ehtiyat edir:

"Rusiya və ya onun məhkəmələri ölkədə saxlanılan Euroclear aktivlərinə nəzarəti ələ keçirə bilər və Rusiyaya dost olan ölkələri Euroclear-ın aktivlərini müsadirə etməyə təhrik edə bilər. Danışıqlarda iştirak edən şəxslərin bildirdiyinə görə, Euroclear-ın Rusiyadakı aktivləri 17 milyard avro təşkil edir”.

De Vever Aİ planını genişləndirmək və ora Aİ-yə daxil olmayan ölkələrin, o cümlədən ABŞ, Böyük Britaniya və Yaponiyanın dəstəyini də daxil etmək istəyir.

Eyni zamanda Aİ vəsait cəlb etməyin başqa yollarını da nəzərdən keçirir: məsələn, üzv ölkələrin Ukraynaya dəstək üçün kredit götürməyə razı olması. Lakin belə yanaşma demək olar ki, bütün ölkələrin, o cümlədən Ukraynaya yeni Aİ krediti verməkdən imtina edən Macarıstanın razılığını tələb edəcək.

"Alternativlər var, amma onlar hamı üçün xeyli baha başa gəlir”, – deyə Belçikanın "Bruegel” analitik mərkəzinin baş elmi əməkdaşı Nikola Veron bildirib.

Belçikanın Kiyevə reparasiya krediti verilməsini dəstəkləməkdən imtina etməsindən sonra Avropa Komissiyası Ukraynaya yardım üçün digər yollar təklif edib – Aİ ölkələrinin ümumi borcu və ikitərəfli qrantlar.

Lakin bu alternativ maliyyə mənbələri Ukraynanın xərclərini qarşılamaq üçün lazım olan vəsaitin yalnız kiçik bir hissəsini təmin edə bilər, – deyə iqtisadçı Oleg Pendzin UNİAN-a bildirib. Onun fikrincə, Aİ vəsait cəlbi üçün hər üç mənbədən istifadə edəcək. Bu məsələyə dair yekun qərar 18 dekabrda qəbul ediləcək.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->