"Rusiya ilə müqayisədə bütün təşəbbüslər ABŞ və müttəfiqlərinin əlindədir".
	
		
	Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli ABŞ və Rusiya tərəfindən nüvə silahları ilə bağlı səslənən bəyanatların növbəti nüvə yarışmasına rəvac verib-verməyəcəyi və hansı ölkənin iqtisadi baxımdan bu yarışmaya tab gətirib-gətirməyəcəyini şərh edərkən deyib. 
	
		
	"Nüvə silahları xeyli müddətdir ki, gündəmdədir. Bunu ilk ortaya atan isə Rusiya prezidenti Vladimir Putin olub. İki böyük güc, Amerika və Rusiya üz-üzə gəlir. Amma Rusiya hər halda sovet imperiyası dövründə olan hərbi imkan və potensialının demək olar ki, 80 faizini itirib. Amma Rusiya nüvə silahlarını saxlamaqda davam edir. Moskva kifayət qədər dağıdıcı və güclü nüvə bazasına malikdir. Rusiyanın nüvə sualtı qayıqları dünyanı məhvərindən çıxarmağa kifayət edər", deyə ekspert bildirib. 
	 
	
	 
	Həmsöhbətimiz qeyd edir ki, ümumi mənada indiki vəziyyətdə ABŞ-la Rusiyanı müqayisə etmək yersizdir:
	
		
	"Amerika nüvə məsələsində Rusiyanı qat-qat üstələyir. Bu, təkcə nüvə silahına malik olmaq barədə deyil. Hətta nüvə silahını zərərsizləşdirmək baxımından ABŞ müasir texnologiyalara sahibdir. Bu barədə məlumat Rusiyaya da çatdırılıb ki, qarşı tərəf özünün nüvə arsenalı ilə çox da öyünməsin".
 
	
		
	İbrahim Rüstəmlinin fikrincə, ABŞ-ın Rusiyadan hərbi və nüvə silahı məsələsində irəlidə olması heç də təkcə birincinin güclü iqtisadiyyat və texnologiyaya malik olması ilə bağlı deyil:
	
		
	"Amerikanın müttəfiqləri də çox güclü hərbi sənaye və texnologiyalara malikdir. Bütün Avropa, İsrail hamısı Amerikanın mövqeyindən çıxış edir. O baxımdan da Rusiya ilə müqayisədə bütün təşəbbüslər ABŞ-ın əlindədir. Rusiya mövcud durumda nüvə silahı üzrə yarışa qoşulsa, çətin ki, ABŞ kimi nəhəngin qarşısında tab gətirsin. Sovet imperiyasında ən böyük nüvə bazaları Ukraynada yerləşirdi. İttifaq dağılandan sonra Ukrayna ərazi bütövlüyünə zəmanət veriləcəyi şərtilə bu silahları Rusiyaya təhvil verdi. Moskva da Ukraynanın ərazi bütövlüyünə zəmanət verdiyini bəyan etdi, ancaq bir şərtlə ki, NATO şərqə doğru genişlənməsin. Nəticədə Ukrayna qurban verildi".
	
		
	Qeyd edək ki, Rusiya ilə Qərb arasında yaşanan gərginlik artıq nüvə təhdidinə keçməyə başlayıb. Tərəflər bir-birini nüvə arsenalını işə salmaq qorxusu ilə hədələyir. Bu xüsusda daha çox canfəşanlıq nümayiş etdirən isə Moskvadır. 
	
		
	Bu günlərdə Rusiya yeni yaradılan "Burevestnik" nüvə raketlərindən istifadə edərək, onun sınağını keçirdi. Kreml iddia edir ki, qarşı tərəf bu raketləri zərərsizləşdirmək gücündə deyil. Putinin bu ritorikasına cavab olaraq ABŞ prezidenti Donald Tramp da Pentaqona nüvə silahları üzrə sınaqların keçirilməsi əmrini verib. 
	
		
	Başqa bir tərəfdən, görünür Çin də nüvə məsələsində yerində saymaq niyyətində deyil. Belə ki, Pekin tədricən də olsa özünün nüvə arsenalını artırmaq yolunu tutub. Yaranmış vəziyyət isə nüvə silahlanması üzrə növbəti yarışmaya start verildiyinə işarə sayıla bilər.  
	
		
	Rüfət Sultan
	 
            
Şərhlər