Ölkə 12:10 17.10.2019

“O şəxslər bir də gözünü açıb görəcək ki...” - Azərbaycanda LGBT, feminizm...

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü İlkin Rüstəmzadə maraqlı fikir səsləndirib. 

O deyib: "Azərbaycan kimi mühafizəkar cəmiyyətdə LGBT, feminizm yaralı yerlərdir. 20 il qabaq da həmin xarici təşkilatlar bu istiqamətdə işlər görürdü. Bu gün Qərb özü zəifləyib, demokratik nizam zəifləyib. Artıq Qərbdəki təşkilatlar hakimiyyətlə işləyirlər. O təşkilatlar Azərbaycanda partiyaları, medianı dəstəkləmirlər. Ona görə indi nəsə etməlidirlər. Bu baxımdan iqtidara başağrısı olmayan mövzular müzakirə edilir. O beynəlxalq təşkilatlar da nəsə etməlidir. NİDA-ya dəstəkdənsə, LGBT və ya feminizmə dəstək verirlər".

Maraqlıdır, həqiqətən də Qərb Azərbaycanda hansısa məqsəd üçün LGBT və feminizmə hərəkatlarına dəstək verirmi?

Qaynarinfo məsələ ilə bağlı keçirdiyi sorğunun cavablarını təqdim edir: 

Şərif Ağayar (yazıçı): "LGBT və feminiz siyasi anlayış deyil. Ümumiyyətlə, nəzər edin, hansı bir düşüncə siyasiləşirsə, zibili çıxır. Təsəvvür et, sən geysən. Mühafizəkar cəmiyyətdə əziyyət çəkirsən, insanlar sənə mənəvi dəstək verdiyi və sənin də təsəlli tapdığın bir an kimsə peyda olub bunun üzərindən hakimiyyətdə qalmaq və ya hakimiyyətə gəlmək sevdası yapır. Məncə, cəmiyyətin siyasiləşməsi siysətdən qorunmaq üçün lazımdır. Ailə modelinə qalanda... hər kəsin seçimi olsun. Və biz insanlara ailəlidir, iki uşağı var, xaricdə qohumu yoxdur, arada içir, əri öləndən kiminləsə yatmayıb düşüncəsi ilə deyil, vətəndaşımızdır, konstitusiyon haqları var - əməl və hörmət olunmalıdır məntiqi ilə yanaşmalıyıq. İnsanlar rənglidir. Rəngiylə gözəldir. Fahişədən tutmuş nazirinəcən... Fərarisindən tutmuş qəhrəmanınacan... Heç kimin hüququnu pozmaq olmaz".

Elvib Cəbizadə (rejissor və bloger): "Dəyişən dinamikaları anlamaq lazımdır. Bizdə feminizm və LGBT haqları uğrunda mübarizəni təkcə Qərbdən gələn dalğa kimi qəbul etmək hüquqları pozulan qadınlara və digərlərinə hörmətsizlikdir. Bu, eynilə insanlar haqlarını tələb edərkən istifadə edilən "Qərbdən maliyyələşirlər" ittihamına oxşayır. Azərbaycan "aydınlanma dövrü"nə yaxınlaşır. Bunu daha çox aydınlanmadan öncəki son dövr kimi dəyərləndirmək olar. Ona görə də müxtəlif qrupların özünüdərk prosesi gedir, bu da mübarizə üçün əsas yaradır. LGBT fərdləri də həmçinin... 

Qərbin bu məsələyə daha çox diqqət ayırması iddiası barədə nəsə deyə bilmərəm. Bəlkə də hansısa siyasi təşkilatın qrant layihələri daha azdı, amma həmin potensial pulun bu axına ayrıldığını da düşünmürəm. Qərb, əlbəttə, cəmiyyətin dəyişməsində, "avropalaşmasında" maraqlıdır, ümumiyyətlə, bütün QHT fəaliyyətinin mahiyyəti budur: siyasi partiyalara dəstəkdə də, hakimiyyətlə birgə gördüyü işlərdə də, mədəni-sosial proyektlərdə də. Qlobalizasiya bunu tələb edir və bu, xüsusi bir qrupa xas əlamət deyil. 

Feminist hərəkatın ailə institutunu dağıdacağı köhnə qorxu və əsaslı ittihamdır. Fransa da, digər Avropa ölkələri də bunu keçib. Simon de Bovuar "Qadın - ikinci cins"i yazanda ona "ailə dəyərlərini məhv edəcəksən" -  deyib qarşılıq verirdilər. Feministlər bunu inkar edə bilməz. Fakt ondan ibarətdir ki, ailə institut olaraq çürükdür və onu dağıtmadan yeni, bərabərhüquqlu insanların birliyi olan yeni ailə modelini qurmaq olmaz. Onda onun adının nə olacağını bilmirəm, amma bu birlik indiki formatda olmayacaq. 

LGBT isə ailə dəyərlərinə hücum deyil. Bu, ən təməl insan haqqı olan yaşamaq haqqına aid məsələdir. İnsanın olduğu, hiss etdiyi kimi yaşaması... 
Qərb olsa da, olmasa da, Azərbaycan lezbiyanı, geyi, biseksualı, transseksualı öz hüquqları uğrunda mübarizə aparacaq. QHT fəaliyyəti sadəcə prosesi sürətləndirə bilər. Aydınlanma dövrü qaçılmazdır".

Qan Turalı (yazıçı): "Ailə institutunun milliyi barədə deyilənlər xalis cəfəngiyyatdan ibarətdir. Hər bir ailə quruluşu müvafiq ictimai quruluşda formalaşır. İctimai quruluş dəyişdikcə ona uyğun ailə modeli də dəyişir. XIX əsrdə ailələr başqa cür idi, Sovet dövründə ayrı cür. Müasir ailə quruluşu isə daha fərqlidir. Bu mənada ictimai proseslər, sosial münasibətlər sistemi ailəni də dəyişir. Bunu kənardan təsirlə izah etmək absurddur. Qadının evə həbs edildiyi, ona təhsil, iş hüququ verilmədiyi cəmiyyətlərdəki ailə formaları əlbəttə ki, indiki dövrdə işə yaramır. Və doğrudan da kimsə xarici müdaxilə ilə ailə quruluşunun dağılacağını düşünürsə, mən onun konspirativ təxəyyülünə heyran qalıram.

Ömər Xəyyam (yazıçı): "Ah, Masonlar! Əlbəttə! Bu rəngarənglər, feministlər hamısı Qərbdən maliyyələşir, məqsəd də apaydın: bizim əxlaqımızı korlamaq, özlərinə oxşatmaq! Tezliklə qarşısı alınmalıdır! Feminizm!  Yox bir...
Bu vaxtacan feminizm vardı? Nənələrimiz, analarımız necə oğullar böyüdüb... Ki, onların işığıdır, bizim ömrümüzə, günümüzə düşür.
Mən təklif edirəm, LGBT üzvləri edam edilsin, feministlər isə qadındır deyə, öldürülməsin, həbs edilsin. Lap ağını çıxarıblar. Adam utanır, vallah!"

Zaur Qurbanlı (blogger): "Təbii ki, elə hesab etmirəm. Qərb deyiləndə nəyi nəzərdə tutduqlarını dəqiq bilmirəm, amma ehtimal etmək olar ki, ya Qərb dövlətlərini, ya da onların vətəndaş cəmiyyətlərini nəzərdə tuturlar. Bu subyektlərin heç biri də Azərbaycan ailəsini özlərinə hədəf götürməyiblər. Ümumiyyətlə, Ələsgər dayı ilə Solmaz xalanın birgəyaşayışı Amerikanın, Britaniyanın, Fransanın, Almaniyanın vecinə deyil. Qərb 1948-dən bəri insan hüquqlarını öz prioriteti kimi müdafiə edir və ya ən azı etmə görüntüsü yaratmalıdır, çünki orada demokratiya var, insan hüquqlarının əleyhinə çıxan, ona laqeydlik göstərən hökumətin seçkini uduzması ehtimalı çoxdur.

İnsan hüquqları isə kompleks anlayışdır. Sən sərbəst toplaşma azadlığını müdafiə edirsənsə, deməli, "LGBT-pride” yürüşlərinin də keçirilmə hüququnu müdafiə etməlisən. Yaxud siyasi məhbusların işgəncəyə məruz qalmamaq hüququnu müdafiə edirsənsə, deməli, qadınların da məişət zorakılığına məruz qalmama hüququnu müdafiə etməlisən. İnsan hüquqları universaldır, hər kəsə aiddir. İnsan hüquqlarının həyata keçirilməsindəki növbəlilik subyektlərə nəzərən aparılmır, başqa təsnifat üzrə aparılır. Məsələn, mülki və siyasi hüquqlar daha öncəli sayılır, iqtisadi və sosial hüquqlar isə bunlara baxanda ikinci dərəcəli. Amma heç kim iddia etməməlidir ki, filan sosial qrupa məxsus insanların hüquqları digər insanların hüquqlarından sonra həyata keçirilməlidir. "Əziz LGBT nümayəndələri, siz hələ döyülün, lütfən, biz demokratiya qururuq, sonra sizin hüquqları müdafiə edərik”, yaxud "Əziz qadınlar, siz söyülün, döyülün, bıçaqlanın, xahiş edirik, belə dözməyə davam edin, biz hələ kişilərin hüquqlarını müdafiə edək, qurtaraq, sizə də növbə çatacaq” deyə bilmərik.

Qərb deyilən o nəsnə də insan hüquqlarına belə yanaşır. İşgəncəyə məruz qalmamaq hüququ fundamentaldır, istisnası yoxdur. "Feminizmi yayırsınız” deyib, hər hansı hüququ kimsə üçün istisna edə bilməzsiniz. Qadın hüquqlarının, LGBT hüquqlarının pozuntularının get-gedə daha çox diqqət mərkəzinə düşməsinin səbəbi informasiyanın sürətinin artması, dünyanın daha da açılmasıdır. Əvvəllər gizli qalan zorakılıqlar üzə çıxır. Əvvəllər gizli qalan mənsubiyyətlər, gender kimlikləri üzə çıxır. Bunlar həmişə olub, amma gizlədilib, zorakılıqla, hüquqlar pozularaq, gizlədilib. İndi internet imkan verir ki, hüquqlarımızdan, cəmiyyətimizdə bizə bənzəməyən, amma bizimlə bərabər hüquqlara malik fərdlərin mövcudluğundan xəbər tutaq. Əgər biz insan hüquqları institutunun tərəfindəyiksə, bizə, bizim adət-ənənələrimizə, vərdişlərimizə, xalqımıza, ailəmizə bənzəməyən şəxslərə, ənənələrə, vərdişlərə, kimliklərə, oriyentasiyalara, ailələrə, münasibətlərə tolerant olmalıyıq. Azərbaycan ailəsi deyə bir şey yoxdur, insan hüquq və azadlıqlarının təmin olunduğu və olunmadığı ailələr, toplumlar var.

İlkin Rüstəmzadənin müsahibəsini oxudum, orada dediklərindən mən o nəticəni çıxartmadım ki, İlkin Qərbin Azərbaycan ailəsini dağıtmaq istiqamətində çalışdığını düşünür. Amma belə düşünənlər çoxdur, yuxarıdakı münasibətim onlaradır".

Mirçingiz Ağazadə (gənc yazar): "Avropada yeni dəyərlərin formasiyası yeni müstəviyə keçib. Onların, yəni Qərb dəyərlərinin ilkin vizualı yenilik, inkişaf xətti əsasında yaranmış düşüncə qəlibləri kimi görünür, lakin dərinlərə baxdıqda, bu dəyərin kökündə dəyərsizliyin gizləndiyi aşkara çıxır. Qərbdə ailə dəyərləri sürətlə deformasiyaya uğrayır. Şəxslər öz individuallıqları naminə mütəmadi daha artıq özgüvən və daha azad həyata can atdıqca onları vahid və kiçik bir dövlətdə birləşdirən ailə qavramı aradan qalxır. Əvvəla unutmaq olmaz ki, ailə təkcə, nəsilartırma üçün qurulmuş birlik deyil, insanın tənhalığını bölüşdüyü mini-cəmiyyətdir. Avropa insanı daha qorunmasızdır, daha güvənsizdir, daha bədbəxtdir, daha azaddır və daha sərgərdandır. O, əvvəlcə öz ailəsindən didərgin düşmüşdüsə, indi öz cinsindən ayrılır, bir müddət sonra transhumanizmə keçid sayəsində öz irqi və nəhayət öz vücudundan məhrum qalacaq. Ən birinci, bizə elə gəlir ki, bu azadlaşma gözəl tendensiyadır, lakin insan, ona aid olanlardan tamamilə qurtulduqda geriyə heç özü də qalmır axı.
 
Bu, müasir Qərb ideyalarının vəhdətidir. Humanizm, kosmopolitizm, LGBT tərəfdaşlığı və s. anlayışlar sadəcə bəşəriyyətin xoşbəxtliyi naminə yaradılmış çəhrayı dünyanın carçıları deyil. Kosmopolitlik insanı dövlət sərhədindən ayırarkən, humanizm onu "human" qəlibinə salınmış insanlıq çərçivəsində gizləyir, daha sonra içində gizləndiyi insalıqdan şübhəyə düşür, yaxud düşürülür. Bir müddət sonra insanlardan iyrəndiyi üçün heyvanları sevən toplum yaranır. Bəllidir ki, insanlığı məhbəs kimi görməyə məcbur edilmiş şəxs həmin məhbəsdən xilas olduqda insanlığın çərçivələri və bu çərçivələrlə yaranmış dəyərləri önəmsəməyəcək. Onun üçün nə görüntü, nə düşüncə, nə də cinsi oriyentasiya, heç psixoloji vəziyyətlər də maraqlı görünməyəcək. Anarxizm, nihilizm girdabına düşən şəxs bir də gözünü açıb görəcək ki, o rəngarəng saçlarla, pirsinq və tatto, damarına yerimiş narkotik maddələrin ağuşunda tamamilə metamorfoza uğramış fərqli bir canlıdır. O, öz yuvasından ayrı qalıb, geriyə qayıtmağı da bacarmır. Çünki yuvası məhv olunub. Gələcək bəşəriyyətin qədəri üçün narahat olduğumu açıq şəkildə bəyan edirəm. Buna görə də, nə humanist, nə kosmopolitan, nə də ki, LGBT tərəfdaşıyam".

Röya Kərimli
Qaynarinfo