Ekonomiks 15:25 30.03.2023

“OBA” qadın sahibkarların biznes biliklərinin artırılmasında yaxından iştirak edir

Qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun və işgüzar fəallığının artırılmasına dəstək olmaq üçün başladılan "Biznesdə qadınların gücü” layihəsi
davam edir.

Qaynarinfo xəbər verir ki, 23 qadın sahibkarın iştirak etdiyi layihədə müxtəlif təlimlər keçirilib, sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının
nümayəndələri ilə görüş, həmçinin Lənkəran şəhərinə təcrübə səfəri təşkil edilib.

Təlimlər zamanı qadın sahibkarlar korporativ mədəniyyət və idarəetmə, məhsul,  onun təqdimatı və satışı, "Startap” şəhadətnaməsinin üstünlükləri, liderlik, eləcə də biznesin qurulması və inkişaf etdirilməsi üçün zəruri olan digər mövzularda məlumatlandırılıblar. Təlimçi və ekspertlər sırasında "OBA” marketlər şəbəkəsinin
İdarə Heyətinin üzvü, Marketinq direktoru Hikmət Əliyev də yer alıb.

O çıxışı zamanı "OBA” marketlər şəbəkəsinin qadın sahibkarlara dəstək məqsədilə həyata keçirdiyi "Qadının gücü” layihəsindən bəhs edib, iştirakçılara layihənin
məqsədləri barədə məlumat verib.

Daha sonra qadın sahibkarlarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və praktik məsləhət xidməti göstərilib.
Qeyd edək ki, layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Rabitəbank” ASC-nin təşkilatçılığı ilə baş tutur.