Xəbər lenti

Özəl məktəb müəllimləri də sertifikasiyaya cəlb oluna bilər
Ölkə 11:32 05.06.2025

Özəl məktəb müəllimləri də sertifikasiyaya cəlb oluna bilər

Azərbaycanda bu ay müəllimlərin sertifikasiya imtahanı keçiriləcək. Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu il təşkil olunacaq sertifikatlaşdırılma prosesinə kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən müəllimlər ilk dəfə cəlb olunacaqlar.

18-25 iyun tarixlərində keçiriləcək imtahanlarda, həmçinin indiyədək sertifikatlaşdırmadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri də prosesdə iştirak edəcəklər.

Qeyd edək ki, sertifikasiya prosesi yalnız dövlət məktəblərində dərs keçən müəllimlərə şamil edilir. Özəl məktəblərin tədris prosesində iştirak edən müəllimlər isə bu prosesə cəlb edilmir.

Qaynarinfo-nun məlumatına görə, məsələ ilə bağlı "AzEdu.az"a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, özəl müəssisələrin müəllimləri də sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır, çünki müəllimin davamlı inkişafı vacib amildir

"Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Davamlı öyrənmə mühiti müəllim-şagird-ailə üçbucağının əsas missiyasıdır. Burada müəllim amili peşəkar, motivasiya edən, üfüq açan və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur. Müəllimlərin bilik və bacarıqlarının sertifikasiya vasitəsilə ölçülməsi öyrənmə prosesində məhz bu hədəflərə çatmanı ifadə edir", - deputat qeyd edib.

Müəssisələrin qiymətləndirilməsinə gəldikdə isə Mehriban Vəliyeva bildirib ki, müvafik meyarlara görə bütün müəssisələrin qiymətləndirilməsi təhsil keyfiyyətinin ölçülməsi baxımından əhəmiyyətlidir:

"Belə monitorinqlər TKTA tərəfindən aparılır və nəticələrə görə dəstəkverici tədbirlər görülür. Müəllimlərin və  təhsil müəssisələrinin qiymətləndirilməsi üçün meyarların davamlı olaraq təkmilləşdirilməsi diqqətdə saxlanmalı, proses nəticəyönümlü olmalıdır. Düşünürəm ki, bu istiqamətdə də işlər aparılır”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->